Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin və Yüngül Atletika Federasiyasının təşkilatçılığı ilə Şərur Olimpiya İdman Kompleksində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəbləri şagirdlərinin Naxçıvan Muxtar Respublikası üzrə kross yarışı keçirilib. 8 komandada 150-yə yaxın məktəbli oğlan və qızın qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Yarışı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev açıq elan edərək muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, atletləri dahi rəhbərin yubileyinə həsr olunmuş idman bayramı münasibətilə təbrik edib.
Sonra yüngül atletika çoxnövçülüyünün 100, 200, 400, 800 metr məsafəyə kross və estafet yarışına start verilib.
Yarışın nəticələrinə görə, Naxçıvan şəhər komandası turnirin qalibi olub. İkinci yerdə Şərur, üçüncü yerdə isə Şahbuz rayonlarının komandaları qərarlaşıblar.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının diplomları və hədiyyələri təqdim olunub.
Cəfər ƏLİYEV