Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
İclası federasiyanın sədri Cavid Səfərov açaraq bildirib ki, Paralimpiya Federasiyası məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına inteqrasiyasının təmin olunmasını daim diqqət mərkəzində saxlayır. 2017-ci ildə istedadlı idmançıların aşkara çıxarılması, onların fiziki və metodik hazırlıqlarının möhkəmlənməsi məqsədilə paralimpiyaçıların iştirakı ilə futzal, stolüstü tennis, boccia, armrestlinq, pauerliftinq, şahmat və voleybol üzrə yarışlar və yoldaşlıq görüşləri keçirilib. Bununla yanaşı, il ərzində paralimpiyaçıların muxtar respublikada fəaliyyət göstərən muzeylərə və sərgi salonlarına ziyarətləri təşkil edilib.
Vurğulanıb ki, 2017-ci il yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlar arasında idmanın kütləviliyinə nail olunması üçün Naxçıvan şəhərində şahmat, üzgüçülük, qolbol, boccia, stolüstü tennis, bədii gimnastika, Şərur rayonunda bədii gimnastika, üzgüçülük, stolüstü tennis, atıcılıq, şahmat, Ordubad rayonunda şahmat və basketbol, Culfa rayonunda şahmat və futbol, Şahbuz və Kəngərli rayonlarında şahmat bölmələri fəaliyyətə başlayıb. Hazırda bütün uşaq bölmələrinə 229 uşaq cəlb olunub.
Qeyd olunub ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində keçirilən III Uşaq Paralimpiya İdman Oyunlarında Naxçıvan Muxtar Respublikasından qolbol, üzgüçülük, boccia, tennis və cüdo idman növləri üzrə sağlamlıq imkanları məhdud 12 uşaq iştirak edib, bunlardan 11-i medal qazanıb. Həmçinin Bakı şəhərində keçirilən Əlillərin V Respublika İdman Oyunlarında muxtar respublikadan şahmat, dama, nərd, stolüstü tennis və qol güləşi idman növləri üzrə sağlamlıq imkanları məhdud 5 həmyerlimiz iştirak edib ki, bunlardan 3-ü mükafatçılar sırasında yer alıb. İclasda federasiyanın fəaliyyətinin daha da genişləndirilməsi, rayonlarda yeni idman qruplarının yaradılması, müvafiq kateqoriyadan olan uşaqların həmin qruplara cəlb edilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, nazirlik fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasını, sosial reabilitasiyasını və onların arasında idmanın kütləviliyinə nail olunmasını daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə ötən il paralimpiyaçıların işirakı ilə Naxçıvanda 8 idman yarışı təşkil edilib, respublika miqyaslı 3 yarışda isə paralimpiyaçılarımızın iştirakı təmin olunub. Bu turnirlərdə idmançılarımız 15 medal qazanıblar.
Nazir vurğulayıb ki, ötən il paralimpiya üzrə Azərbaycan yığmasının baş məşqçisi və respublika paralimpiya oyunlarının mükafatçıları muxtar respublikamıza dəvət edilib və 7 günlük proqram əsasında şəhər və rayonlarımızda yeniyetmə paralimpiyaçılarımıza təlim-məşq toplantıları, onların valideynləri ilə görüşlər keçirilib. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası idmançılarının asudə vaxtının və istirahətinin səmərəli qurulması da nazirlik tərəfindən diqqətdə saxlanılıb, bu məqsədlə paralimpiyaçıların Ağbulaq İstirahət Mərkəzində 3 günlük istirahəti təşkil olunub.
Sonda Cavid Səfərov iclasa yekun vuraraq qeyd edib ki, federasiya bundan sonra da yaradılmış şəraitdən səmərəli istifadə edərək sağlamlıq imkanları məhdud şəxslər arasında idmanın kütləviliyinə nail olmağa çalışacaqdır.
Ceyhun MƏMMƏDOV