Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının “2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr” mövzusunda iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Güləş Federasiyasının sədri Azər Zeynalov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Yaradılmış idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri, idmanın inkişafına göstərilən dövlət qayğısı gənclərin idmana olan marağını artırmış, istedadlı idmançıların yetişməsini təmin etmişdir. Hazırda muxtar respublikada 12 idman federasiyası fəaliyyət göstərir ki, onlardan da biri Güləş Federasiyasıdır.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası 16 il bundan əvvəl – 2002-ci ildə yaradılmışdır. Ötən müddət ərzində federasiya tərəfindən güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülmüşdür. Hazırda federasiyanın tərkibində yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələrdə güləş idman növləri üzrə qruplar fəaliyyət göstərir.
Azər Zeynalov qeyd etmişdir ki, Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Sədərək rayonlarında yaradılmış bölmələrdə, ümumilikdə, 95 qrupda 1258 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edir. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən muxtar respublika, şəhər və rayon birincilikləri və çempionatları təşkil olunmuş, yarışların qalib və mükafatçılarına diplom və hədiyyələr verilmişdir. Həmçinin idmançıların müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakları təmin edilmişdir.
Federasiya idmançılarının iştirak etdiyi yarışlar barədə məlumat verən federasiyanın sədri vurğulayıb ki, 2017-ci il ərzində güləş idman növləri üzrə idmançılar 2 beynəlxalq, 2 respublika turniri, 4 Azərbaycan birinciliyi, 2 muxtar respublika birinciliyində, milli və dövlət bayramları ilə əlaqədar 19 daxili birincilikdə iştirak etmişlər.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov 2017-ci ildə görülən işlər və keçirilən yarışlar barədə məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov isə çıxışında vurğulamışdır ki, güləş idman növü ötən il Naxçıvan Muxtar Respublikasının idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin diqqət mərkəzində olmuşdur. Nazirlik Güləş Federasiyası ilə birgə sərbəst güləş, yunan-Roma, cüdo və sambo idman növlərini inkişaf etdirmək və idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirmişdir. Ötən il Naxçıvan güləşçiləri respublika və beynəlxalq miqyaslı turnirlərdən fərdi qaydada 8 mükafat əldə etmişlər ki, bunların da üçü birincilik təşkil edir. Eyni zamanda 2017-ci ilin fevral ayında İran İslam Respublikasının Urmiya şəhərində keçirilmiş beynəlxalq turnirdə komanda hesabına qazanılmış qələbə də ötən ilin idman uğurları sırasındadır.
Güləş Federasiyasının sədri Azər Zeynalov 2018-ci ildə görüləcək işlərlə bağlı tapşırıqlar vermişdir. Bildirilmişdir ki, federasiya fəaliyyətini daha da gücləndirməli, federasiyanın 2018-ci il üçün tədbirlər planında nəzərdə tutulan tədbirlərin icrası vaxtında təmin edilməli, idmançıların ölkə və beynəlxalq yarışlara hazırlıq səviyyəsi artırılmalı, güləşin bütün növləri üzrə yarışlar keçirilməlidir. Tanınmış məşqçilərin muxtar respublikaya dəvət edilməsi, burada seminar və məşğələlər keçirmələri diqqətdə saxlanılmalıdır. Federasiyanın bölmələri fəaliyyətlərini gücləndirməli, gənclərin bölmələrə cəlbi, eləcə də bölmələrarası güləş yarışlarının keçirilməsi təmin edilməlidir. Yarışlarda yüksək nailiyyətlər əldə edən idmançılar həvəsləndirilməlidir.
Sonda federasiya sədri iclasa yekun vuraraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası 2018-ci ildə də fəaliyyətini muxtar respublikada güləş idman növünün inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində quracaqdır.
Ceyhun MƏMMƏDOV