22 Dekabr 2024, Bazar

Şahmat – zəka və gücün, iradə və konstruktiv ideyaların, nisbətən sakit və sürətli hesablamaların harmoniyasıdır. Kənarda asan görünən döyüş, əslində, daxildə çətin olur. Hindistanlı şahmatçı Tanya Saçdevin dediyi kimi: “Bu, beynində sirkə bənzəyir”. Oyunçu planlaşdırmalı və strategiya işlətməli, gedişləri əvvəlcədən hesablamalı, problemləri həll etməli, mübarizə aparmalı və daha pis mövqelərin qarşısını almalıdır. Bu, zəka döyüşünə bənzəyir. Beyin daima yeni maneələr üzərində düşünməli olur.

Dünya idman ictimaiyyəti son illərdə qazandığı uğurlu nəticələrinə görə Azərbaycanı şahmat ölkəsi adlandırır. Əslində, zəka oyununu bu qədər mükəmməl oynamağımız bizim yalnız güləşmək, döyüşmək yox, həmçinin dərindən düşünmək, uzaq perspektivə hesablanmış planlar qurmaq bacarığımızın olduğunu bir daha sübut edir. Müasir şahmat problemi rəqabətə əsaslanaraq həll edir. Burada rəqibin və sizin bir məqsədiniz var – qalib gəlmək. Alimlərin apardığı araşdırmalar göstərir ki, şahmat insanın həyatı boyu istifadə etdiyi fikri cəmləşdirmə, mənfi və müsbət düşünmə, mücərrəd düşüncə, təsvirin tanınması, strateji planlama və yaradıcılıq, əqli bacarıqlarını inkişaf etdirən sonsuz zəka imkanlarının məşqidir.
Bu gün Naxçıvan güc idman növləri ilə yanaşı, beyin idmanında da böyük nümayəndələr yetişdirib və bu, gündən-günə artmaqdadır. Onlardan biri də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirməsi Sadiq Məmmədovdur.

2003-cü ildə Naxçıvan şəhərində anadan olan Sadiq kiçik yaşlarından könlünü şahmata verib. Artıq 8 yaşında Neftçala rayonunda keçirilən Azərbaycan çempionatının seçmə yarışlarında iştirak edən zəka sahibimiz elə burada ilk uğuruna imza atıb. Uğurlu çıxış onun beynəlxalq karyerasının başlamasına şərait yaradıb. Həmin qələbədən bir il sonra şahmatçımız Gürcüstanın Kutaisi şəhərində təşkil olunan Avropa kubokunda iştirak edib. 2013-cü ildə zəka sahibimiz daha bir uğura imza atıb. O, Balakən şəhərində keçirilən Respublika Şahmat Olimpiadasında bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Bundan sonra şahmatçımız Gürcüstanın Ureki şəhərində keçirilən Avropa kubokuna yollanıb. Uğurlu çıxış onun aktivinə əlavə əmsalların yazılması ilə nəticələnib.
Ölkədaxili yarışlarda nailiyyətlər əldə edən Sadiq Məmmədov İranın Rəşt, Urmiya, Təbriz, Türkiyənin Bitlis, Ankara, Malatya və Kahramanmaraş şəhərlərində keçirilən beynəlxalq turnirlərdə mükafatçılar sırasına da düşməyi bacarıb. 2014-cü və 2015-ci illərdə Gürcüstanın Batumi şəhərində Avropa çempionatında, Yunanıstanın Kavala şəhərində məktəblilərin Avropa çempionatında və Xorvatiyanın Poreç şəhərindəki qitə birinciliyində mübarizə aparan zəka sahibimiz kifayət qədər təcrübə toplayıb. Bu illər ərzində o, Azərbaycan çempionatında gümüş medal qazanıb və Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən gənc ulduzların qrossmeysterləri ilə seans yarışlarında uğurla çıxış edib.
Müəllimlərinin fikrincə, Sadiq Məmmədov oyun tərzinə görə konkret sistemə sadiq qalmayan biridir. Daim yenilik axtaran gənc şahmatçımız qrossmeysterlərlə başabaş mübarizə aparmağı daha çox sevir. Şahmatçımızın öz dili ilə desək: – Şahmat mənə çox şey qazandırıb. Bu oyunu mən idman kimi yox, həm də peşə kimi sevirəm. Rəqibimdən asılı olaraq oyunda gedişim fərqli olur, dəqiq desəm, oyundan zövq almağa çalışıram. Yarışlarda ilk oyunum həmişə fərqli olur, daha sonra digər rəqiblərə görə bunu dəyişirəm. Təbii ki, oyun üslubumu necə seçməyimi, hansı gedişlərdə düzgün addım atmağımı müəllimlərim öyrədir.
Sadiq Məmmədov ötən il dəfələrlə respublika səviyyəli yarışlarda iştirak edib və qalib adını qazanıb. 2017-ci ildə ilk dəfə olaraq Azərbaycan çempionu adını qazanan zəka sahibimiz elə Rumıniyanın Mamaya şəhərində keçirilən qitə birinciliyində və Türkiyənin Konya şəhərində məktəblilərin Avropa çempionatında ölkəmizi təmsil edib.
Oyun statistikası və bir çox yarışda iştirakı Sadiqin oyunlarda müəyyən cizgilərini ortaya qoymağa imkan yaradır. Nəticə isə göz qabağındadır: Sadiq Məmmədov 2017-ci ildə – cəmi 7 ilə FİDE idman ustası normativini yerinə yetirib.
Şahmatçı hazırda Bakı şəhərində keçirilən Azərbaycan çempionatında mübarizə aparır. Əsas məqsəd ölkə birinciliyində qalib olub mart ayında keçiriləcək dünya çempionatına vəsiqə qazanmaqdır. O, artıq bu yaşında karyerasında zirvə yolunu tutub. Həyatdan və sevimli oyunundan maksimum zövq almağa çalışan, oxuduğu Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə hamının sevimlisi olan, gülərüz kimi tanınan zəka sahibimizin, FİDE ustamızın fəthləri hələ qabaqdadır. Buna görə indi əminliklə deyə bilərik: Naxçıvan şahmatı heç vaxt tacsız qalmayacaq!

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR