22 Dekabr 2024, Bazar

Geridə qoyduğumuz ildə keçirilən idman tədbirləri bu sahənin inkişafını bir daha sübut etdi

2017-ci il Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi üçün bir çox əlamətdar hadisələrlə – muxtar respublikada idmanın inkişafı və kütləviliyi məqsədilə 200-ə yaxın yarış, turnir təşkil etməklə uşaqların, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilməsi ilə yadda qaldı. Ötən il  nazirlik muxtar respublikamızda fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə nəinki ölkəmiqyaslı yarışlarda, həmçinin beynəlxalq turnirlərdə də idmançılarımızın uğur qazanmasında müstəsna rol oynadı. İdmançılarımız il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə Azərbaycan çempionat­larında, rəsmi beynəlxalq yarışlarda – dünya və Avropa çempionatları və birinciliklərində, kubok yarışlarında  parlaq qələbələr qazanmaqla Naxçıvanda idmana və idmançılara olan diqqət və qayğının yüksək dərəcədə olduğunu bir daha sübut etdilər. 

Ölkədaxili və beynəlxalq turnirlər

Geridə qoyduğumuz ilin ilk aylarında karateçilərimizin çıxışı 2017-ci ilin uğurlu olacağından xəbər verirdi. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmə və gənclər arasında karate-do üzrə klublararası beynəlxalq turnirdə tatami üzərinə çıxan idmançılarımız 5 müxtəlif əyarlı medal qazanıblar. İl ərzində idmançılarımız Gürcüstanın Tbilisi, Türkiyənin Ərzurum, Rusiyanın Krım, Ukraynanın Dnepr və İran İslam Respublikasının Urmiya şəhərlərində keçirilən beynəlxalq turnirlərdə muxtar respublikanı layiqincə təmsil ediblər. Bu uğurlu estafeti boksçularımız İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətində keçirilən beynəlxalq turnirdə davam etdirərək 5 medal qazanıblar. Bu, 2017-ci ildə dəri əlcək sahiblərimizin qazandığı yeganə uğur deyil. Belə ki, boksçularımız Bakı şəhərində gənclər arasında keçirilən Azərbaycan birinciliyində, IX “Böyük İpək Yolu” və IV İslam Həmrəylik Oyunlarında, Türkiyənin İqdır şəhərində keçirilən beynəlxalq turnirlərdə fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. Sərbəst güləşçilərimiz isə İranın Urmiya şəhərində komanda hesabında bu uğura imza atıblar. Bununla kifayətlənməyən Güləş Federasiyasının yetirmələri ölkəmizin müxtəlif bölgələrində keçirilən yarışlarda, həmçinin Türkiyə Respublikasının Sakarya şəhərində təşkil olunan cüdo üzrə beynəlxalq turnirdə muxtar respublika idmanını layiqincə təmsil ediblər.

2017-ci ildə şahmatçılarımız, yüngül atletlərimiz və paralimpiyaçılarımız da çıxış etdikləri turnirlərdən əliboş qayıtmayıblar. Xüsusilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərminxan Babayevin 6 dəfə Avropa rekordunu təkrarlaması nəinki Avropa, hətta dünya atletikasında da böyük ajiotaj yaratdı.
Şərq Döyüş Sənəti Federasiyasını “ilin federasiyası” adlandırsaq, yanılmarıq. 2017-ci ildə bütün respublika turnir və çempionatlarında 20-dən çox müxtəlif əyarlı medal qazanan idmançılarımız beynəlxalq turnirlərdə də layiqli çıxış ediblər. Belə ki, Bakı şəhərində keçirilən tempo üzrə II Asiya çempionatında Səyyad Məmmədov, Heydər Quliyev, kikboksinq üzrə Türkdilli dövlətlər arasında beynəlxalq turnirdə Ruslan Musayev (həmçinin Macarıstanın Budapeşt şəhərində keçirilən kikboksinq üzrə dünya çempionatında), Bakı şəhərində keçirilən qarışıq döyüş növləri üzrə beynəlxalq turnirdə Fərid Məhərrəmov, Rəzzaq Əliyev, Tağı Məmmədov, Bakı Əl Oyunları Sarayında Grappling idman növü üzrə dünya çempionatında Fərid Məhərrəmov, peşəkarlar arasında universal döyüş növü üzrə beynəlxalq turnirdə isə Rəzzaq Əliyev bütün rəqiblərini üstələməyi bacarıblar.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş yarışlar

Hər il olduğu kimi, 2017-ci ildə də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş turnirlər keçirilib. Boks, kikboksinq, güləş və digər idman növləri üzrə keçirilən bu turnir və yarışlarda beş minə yaxın idmançı mübarizə aparıb.
“Heydər Əliyev kuboku” uğrunda “Əlincəqala” tarixi abidəsinə yürüş və karate-do üzrə Naxçıvan Muxtar Respublikası açıq çempionatı ilin yaddaqalan yarışlarından olub.
Kollektiv idman növlərindən olan voleybol, basketbol, futbol və peyntbol üzrə muxtar respublika birinciliklərində 200-ə yaxın idmançı iştirak etməklə bu idman növlərinin geniş yayıldığını bir daha nümayiş etdiriblər. Həmçinin may ayı ərzində paralimpiyaçılar arasında futzal, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında kross qaçışı üzrə muxtar respublika turnirləri də təşkil edilib.
Keçirilən yerli turnirlərlə yanaşı, muxtar respublika ulu öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş beynəlxalq və ölkədaxili turnirlərə də ev sahibliyi edib. Artıq ənənə halını alan “Naxçıvan – 2017” Beynəlxalq Şahmat Festivalında 9 ölkədən 302 şahmatçı mübarizə aparıb. 80 şahmatçımızın iştirak etdiyi festivalda C qrupunda 12 yaşadək şahmatçılar arasında Seyid Hüseyn qalib adını qazanıb. 3-7 may tarixlərdə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində pauerliftinq və bench-press idman növü üzrə beynəlxalq turnirdə isə 14 idmançımız böyük uğura imza atıb. Naxçıvan Muxtar Respublika Stadionunda futbol üzrə “Heydər Əliyev kuboku” turnirində mübarizə aparan “Araz-Naxçıvan” komandası üçüncü olub.
Boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku – 2017” beynəlxalq turnirdə isə 4 dəri əlcək sahibimiz mükafatçılar sırasına ­düşüb.

Kollektiv idman növləri

10-17 noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsinə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən bir sıra yarışlarla yanaşı, geridə qoyduğumuz il daha bir məqamla yaddaşlara həkk olunub. 2017-ci ildə individual idman növləri ilə yanaşı, kollektiv idman növlərinin geniş yayılması və bu idman növləri üzrə daha çox turnirlərin, yarışların təşkil edilməsi diqqətdən yayınmayıb. Basketbol Federasiyası yoldaşlıq görüşləri ilə yanaşı, Gənclər və İdman Nazirliyi ilə birgə muxtar respublika birinciliyi də təşkil edib və bu birinciliklərdə, ümumilikdə, 250-yə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb. Həmçinin Voleybol Federasiyası da il ərzində 10-dan çox yoldaşlıq görüşü və yarışlar keçirməklə, bu sahənin inkişafına öz töhfəsini verib. Bəhs olunan dövrdə Atıcılıq Federasiyası da bu növün inkişafı, kütləviliyi üçün müəyyən işlər görüb. Federasiya məktəblilər arasında peyntbol üzrə Naxçıvan şəhər birinciliyi, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə ümumtəhsil məktəblərinin şagirdləri arasında muxtar respublika üzrə zona birinciliyi təşkil edib. Bu yarışlarda 200-dən çox idmançı qüvvəsini sınayıb. Par­alimpiya Federasiyası isə sağlamlıq imkanları məhdud vətəndaşların iştirakı ilə şəhər və muxtar respublika birincilikləri keçirməklə bu qəbildən olan insanlara diqqət və qayğının hər zaman nəzərdə olduğunu nümayiş etdirib. Ümumilikdə, 2017-ci ildə keçirilən kollektiv idman növlərində 2000-ə yaxın idmançı iştirak edib.
Bunlarla yanaşı, İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının final mərhələsi keçirilib və Naxçıvan Muxtar Respublikasının voleybol üzrə yığma komandası üçüncü yerə layiq görülüb. Bu kompleksdə sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq idman növü üzrə muxtar respublika birinciliyi də təşkil edilib.
Muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birincilikləri də yadda­qalan olub. Geridə qoyduğumuz ildə ilk dəfə olaraq Şərur Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyası idmançılarının və məşqçi müəllimlərinin Bakı şəhərindən dəvət olunmuş Beynəlxalq dərəcəli hakim, yeniyetmələrdən ibarət kikboksinq üzrə yığma komandanın məşqçisi Elnur Alıyev və məşqçi köməkçisi Camal Məmmədovun iştirakı ilə təlim-məşq toplanışı təşkil olunub. İl ərzində federasiyaların idmançılar üçün Bakı şəhərindən dəvət olunmuş məşqçiləri tərəfindən seminarlar keçirilib.
Maarifləndirici tədbirlər çərçivəsində gənclərin intellektual qabiliyyətinin inkişafına yönəldilən və il ərzində mütəmadi olaraq davam etdirilən “Nuh yurdu”, “Xəmsə”, ”Kim? Nə? Hara?”, “Nə? Harada? Nə zaman? ”, “Axtar – tap ”, “Vətəni tanı”, “İntellektual gənc” kimi bilik yarışmaları da gənclər tərəfindən böyük maraqla qarşılanıb və bu tədbirlərdə yüzlərlə gənc iştirak edib. Eyni zamanda qaliblərin Bakı şəhərində keçirilən “Azərbaycan İntellektual Birincisi” layihəsinin final mərhələsində və yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyununun V Azərbaycan çempionatında iştirakı təmin edilib. Komandalarımız “Nə? Harada? Nə zaman?” və “Vətəni tanı” intellektual oyunlarında III yerə layiq görülüb.

İndividual idman növləri

Kollektiv idman növlərindən fərqli olaraq müasir idmanda fərdi növlərə üstünlük verən idmançıların sayı getdikcə artmaqdadır. Bəs geridə qoyduğumuz ildə Naxçıvanda fərdi idman növləri üzrə hansı yarışlar keçirilib? Qısa xülasə...
Şərq döyüş sənəti. Bu federasiyanın cari ildə gördüyü işləri qənaətbəxş hesab etmək olar. Çünki federasiya Gənclər və İdman Nazirliyi ilə birgə bu idman növlərinin inkişafı üçün turnirlər təşkil edib, kütləviliyə nail olmaq üçün muxtar respublikanın bütün rayonlarında yarışlar keçirilib. Bu yarışlardan MMA, kikboksinq idman növləri üzrə müxtəlif respublika, Naxçıvan şəhər açıq birinciliklərini xüsusi qeyd etmək lazımdır. Geridə qoyduğumuz il ərzində federasiyanın muxtar respublikanın bir neçə kəndində bölməsi fəaliyyətə başlayıb.
Boks. Nazirliyin tədbirlər planına əsasən muxtar respublikada keçirilən boks yarışlarında, ümumilikdə, 300-dən artıq dəri əlcək sahibi iştirak edib.
Güləş. Güləş Federasiyasının 2017-ci il ərzində keçirdiyi şəhər və muxtar respublika birinciliklərində 300-dən artıq pəhləvan qüvvəsini sınayıb.
Şahmat. Ötən ili Şahmat Federasiyası üçün də uğurlu il hesab edə bilərik. 12 ay ərzində federasiya nazirliklə birgə bir çox yarışlar təşkil edib. Naxçıvan Şahmat Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə Şahmat Mərkəzinin tempo turnirini, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat üzrə muxtar respublika birinciliyini xüsusilə qeyd etməliyik.
Karate-do. Federasiya 2017-ci ildə bir çox yarışların keçirilməsinə imza atıb. Daha çox beynəlxalq turnirlərdə uğur qazanan idmançılar muxtar respublika daxilində təşkil edilən yarışlarda da qüvvələrini sınayıblar. Culfa və Şərur rayonlarında şəhər və rayon komandaları arasındakı yoldaşlıq görüşləri, Culfa rayonunda karate-do üzrə Naxçıvan şəhər və Culfa rayon komandaları arasında 8 yaş kateqoriyasında yoldaşlıq görüşü, karate-do üzrə texniki seminar keçirməsi bu idman növünün muxtar respublikanın bütün regionlarında inkişaf etdiyini bir daha göstərib.
Digər növlər. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, demək olar ki, hər ay yarış və turnirlər təşkil etməklə gənclərin idmana axınını sürətləndirib. Geridə qoyduğumuz ildə keçirilən tir atıcılığı, atıcılığın stend növü, pauerliftinq, qızlar arasında üzgüçülük, peyntbol, velosiped yarışı, stolüstü tennis üzrə şəhər və rayon, həmçinin muxtar respublika birincilikləri idmana olan marağı daha da artırıb.
Bəhs olunan dövrdə naxçıvanlı idmançılar dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə mükafatlar qazanmaqla, idmana göstərilən diqqətin hədər yerə getmədiyini bir daha sübuta yetiriblər. Belə ki, 2017-ci il ərzində Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 129, beynəlxalq miqyaslı turnirlərdə 89, dünya səviyyəli yarışlarda 5, Avropa çempionatlarında 1, Asiya çempionatlarında 2, Avrasiya çempionatlarında 13, IV İslam Həmrəyliyi Oyunlarında 1 medal olmaqla, ümumilikdə, muxtar respublikadan kənar yarışlarda 240 medal qazanıblar. Qeyd edək ki, bu nəticə əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR