Ordubad şəhər 3 nömrəli tam orta məktəbin idman zalında Ordubad və Culfa Rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə qızlardan ibarət “Ordubad” və “Culfa” voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilib.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan görüşdən öncə çıxış edən rayon Gənclər və İdman idarələrinin rəisləri Əbülfəz Əliyev və Ümid Həsənli Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında geniş məlumat verib, idmançıları Yeni il münasibətilə təbrik ediblər.
Gərgin keçən mübarizə “Ordubad” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Sonda hər iki komanda təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.
Ceyhun MƏMMƏDOV