Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Naxçıvanda dağ və ekstremal idman növləri üzrə keçirilən təlim-məşqlərə yekun vurulub.
Naxçıvan Dövlət Texniki Kollecində keçirilən təlim-məşq prosesindən öncə çıxış edənlər federasiyanın fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışıblar. Təlim-məşq toplanışında Hava və Ekstremal İdman Növləri Federasiyasının “İlandağ”, “Qapıcıq” idman klubları və 10 komandanın 100 nəfər üzvündən ibarət idmançıları iştirak edib. Toplanış zamanı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekstremal idman növləri üzrə məşqçi-təlimçisi Babək İsgəndərov yerli məşqçilərə, idmançılara təlimlər keçib. Təlimlərdə idmançılara nəzəri olaraq təqdimatlar, idman dırmanması, eyni zamanda praktik olaraq süni divarda dağa və qayaya dırmanma, dağdan və qayadan enmə prosesləri göstərilib.
Ceyhun MƏMMƏDOV