Basketbol idman növü 1891-ci ildə Massaçusets ştatının (ABŞ) Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimi Ceyms Neysmit tərəfindən yaradılıb. Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazanıb. Hazırda dünyada milyonlarla insan bu idman növü ilə məşğul olur. Azərbaycanda basketbol digər idman növləri kimi hələ 1920-ci ildən əvvəl Bakıya işləməyə gəlmiş xarici neft şirkətlərində çalışan fəhlə və qulluqçuların təşəbbüsü ilə həyata vəsiqə alıb. Tarixi materiallar göstərir ki, hələ 1912-ci ildə “Soko” adlı ilk gimnastika cəmiyyətinin yaradıcısı, “Ştilman və Kompaniya” şirkətinin nümayəndəsi Ştrekker adlı bir varlı şəxs Bakıda ilk su stansiyasının tikilməsi təşəbbüsünü irəli sürüb və tədricən bu cəmiyyətin fəal iştirakı ilə basketbolun təbliğinə başlanılıb.
Bu gün bu idman növü Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında böyük dövlət dəstəyi göstərilən və ilbəil öz uğurlarını artıran kütləvi idman növlərindən biridir. Muxtar respublikamızda Basketbol Federasiyası fəaliyyət göstərir. Komandaların say artımı ilə yanaşı, basketbolun texniki və taktiki keyfiyyətləri təkmilləşdirilir. Yüzlərlə yeniyetmə və gənc basketbol idmanı ilə məşğul olur, bu idman növünün inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirilir, yarışlar təşkil edilir.
Bu tədbirlərin davamı olaraq, mayın 21-də ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən basketbol üzrə yeniyetmələr arasında muxtar respublika turnirinə start verilib. Turniri Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri Mahir Əliyev açıq elan edib, idmançılara uğurlar arzulayıb. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Turnirin ilk görüşü Naxçıvan şəhərinin 1 nömrəli komandası və Babək rayonunun basketbolçuları arasında olub. Bu görüşdə hər iki komanda sübut etməyə çalışıb ki, komandaların heyətinin texniki və taktiki keyfiyyətləri təkmilləşdirilib, fərdi oyundan kollektiv oyun sisteminə keçid prosesi başlayıb. Bu görüş 44:18 hesabı ilə Naxçıvan şəhərinin komandasının xeyrinə başa çatıb. Bundan başqa, turnirin birinci günü daha beş qarşılaşma keçirilib.
Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və muxtar respublika Basketbol Federasiyasının təşkil etdiyi turnirdə iki yarımqrupda 8 komanda dairəvi sistem üzrə yarışır. Hər yarımqrupda birinci yerə çıxan komanda qalibiyyət uğrunda finalda mübarizə aparacaq. Turnirə mayın 23-də yekun vurulacaq.
Səbuhi HÜSEYNOV