Muxtar respublikamızda idmanın bütün sahələri özünün inkişaf dövrünü yaşayır. Bunun nəticəsidir ki, son illər idmançılarımız dünya və Avropa birinciliklərində, beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil edirlər. Bu gün muxtar respublikanın Gənclər və İdman Nazirliyinin, eyni zamanda Naxçıvanda fəaliyyət göstərən federasiyaların qarşısında duran əsas məqsəd bu tendensiyanı davam etdirmək, ildən-ilə uğurların sayını artırmaqdır.
İdman elə bir sahədir ki, yaşından, həyat tərzindən, işindən asılı olmayaraq, hər kəs bu sahəyə maraq göstərir. Fiziki imkanları məhdud insanlar üçün isə bu, xüsusi əhəmiyyət kəsb edir. Bəs onlar ev mühitində idmanla necə məşğul ola bilərlər?
İlk olaraq, ev şəraitində məşq edərkən əzələləri möhkəmləndirmək üçün onları daim hərəkət etdirmək lazımdır. Bu, daha çox səbir tələb edir. Eyni zamanda düzgün qidalanmaq da burada mühüm rol oynayır. Həkimlər qeyd edirlər ki, əzələ kütləsinin artımında qidalanmanın payı 80 faizdən çoxdur. Bunun üçün zülal qəbulu artırılmalı, karbohidratlar minimuma endirilməlidir. Belə insanlarda karbohidratlar enerjiyə sərf olunur. Adətən, ev şəraitində məşq edən fiziki imkanları məhdud insanlar karbohidratlardan – çörək və şəkərdən imtina etməlidirlər.
Fiziki imkanları məhdud insanların ev şəraitində idmanla məşğul olmaları üçün dairəvi məşq proqramı hazırlanır. Təbii ki, burada onların fiziki imkanının hansı baxımdan məhdud olduğu nəzərə alınır. Həkimlər hər bir nüansı diqqətə alıb yekun proqramı hazırlayırlar.
Əzələlərin gücünü artırmaq üçün əvvəlcə yüngül ştanqdan istifadə edilməlidir. Əgər bunu etməyə imkan yoxdursa, kardioməşqlərlə idmanı davam etdirmək olar.
Dartınma. Bunu etməyə imkanı olanlar 5 dəqiqəlik fasilə ilə 4 seansda 10 dəfə dartınmaqla ev şəraitindəki məşqlərə start verə bilər.
Jim. Yerlə bədən arasında paralellik yaranmalıdır. Bundan sonra özünüzü yerdən yuxarıya doğru hərəkət etdirin. Fiziki imkanları məhdud insanlar üçün bu, ən ideal idman hərəkəti hesab olunur. Çünki gün ərzində dairəvi məşq zamanı bunu 6 seansda 60-80 dəfə etmək onurğa sütununun düz qalmasına zəmin yaradır.
Çöməlmə. Burada daha çox oturacaqdan istifadə etmək lazımdır. Ayağın biri oturacağa qoyulur, digəri isə dizə kimi oturacaqla paralellik təşkil edir. Bundan sonra çöməlmə hərəkətlərinə başlanılır.
Əlləri tərs tutmaqla dartınma. Ev şəraitində boyunuzdan 25-30 santimetr yüksəklikdə bərkidilmiş dəmirdən əlləri tərs tutmaqla dartınma hərəkəti edilir. Bunu dairəvi məşqdə 4 seansda 32 dəfə etmək məqsədəuyğundur.
Bir neçə dəqiqə istirahətdən sonra yenidən bu hərəkətləri təkrarlamaq olar. Ümumiyyətlə, gün ərzində minimum 4 dəfə dairəvi olaraq məşqlər yerinə yetirilərsə, bu, eyni zamanda fiziki imkanları məhdud insanların psixoloji vəziyyətinə də müsbət təsir göstərəcək.
Ceyhun MƏMMƏDOV