Bu gün Naxçıvan Muxtar Respublikasında idmanın kütləviliyi şəhər və rayonlarla yanaşı, muxtar respublikanın kəndlərində də diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları kəndlərimizdə bölmələr açmaqla, gənclərin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etməklə yanaşı, həm də onların cəmiyyətə sağlam fərd kimi qazanılmasında müstəsna roy oynayırlar.
Belə bölmələrdən biri də Kəngərli rayonunun Qarabağlar kəndində yeni fəaliyyətə başlayan kikboksinq bölməsidir. Gənclər və İdman Nazirliyi, Kəngərli Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının dəstəyi ilə idmançıların istifadəsinə verilən bölmə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin inzibati binasında yerləşir. Kikboksinqçilər üçün nəzərdə tutulmuş zal yenidən təmir edilib. Gənclər və İdman Nazirliyi tərəfindən zalda rinq, tatami və digər idman qurğuları quraşdırılıb. Bölmənin məşqçi-müəllimi Kaməddin Rzayev bizimlə söhbətində bildirdi ki, bu idman növü ilə artıq 40-a yaxın uşaq və yeniyetmə məşğul olur. Məşqlərimiz həftənin I, III və V günləri iki saat olmaqla keçirilir. Tabe olduğumuz federasiya ilə yanaşı, nazirlik və icra hakimiyyəti də bizimlə mütəmadi olaraq maraqlanır. Həmçinin yerli idman idarəsinin məsul şəxsləri də məşqlərimizi izləyirlər. Məqsədimiz təkcə Qarabağlar kəndindən olanlar deyil, eyni zamanda rayonun digər kəndlərindəki istedadlı uşaqları da bura cəlb etməkdir.
Ceyhun MƏMMƏDOV