22 Dekabr 2024, Bazar

Musiqi bəzən insanda cəsarət, bəzən hərəkətlilik, bəzən də sevinc və kədər yarada bilir. Musiqinin hiss və duyğularımızla uyğunlaşmasını söyləmək mümkündür. İdmanda da bu, belədir. Aparılan araşdırmalar göstərir ki, musiqi tərzlərinin fərqliliyini hiss edən, onu zövqlə dinləyən idmançılar özlərini rahat şəkildə motivasiya etməyi bacarırlar. 

Musiqi idmançıya nə qazandırır?

Musiqi öz xarakterinə görə insanı sakitləşdirir, düşündürür, mübarizəyə çağırır və onda müxtəlif əhval-ruhiyyə təlqin edir. Bu təsir qüvvəsi xalqımızın qədim məhəbbət və qəhrəmanlıq dastanlarında da öz əksini tapıb.
Musiqinin insana verdiyi gözəl təəssürat və hissiyyatlar onun ruhuna təsir edir. Musiqi insan ruhunun emosional oyanışına səbəb olur. Buna görə də musiqi sədaları altında keçirilən məşqdən idmançı sanki yorulmur. Daha dəqiq desək, musiqinin cazibədar sədaları insanın ruhunu qidalandırır, psixoloji gərginliyi aradan qaldırır və onu yüksək nailiyyətlərə ruhlandırır. Bu səbəbdən bütün məşqlərin hazırlıq hissəsinin xüsusi seçilmiş musiqi sədaları altında keçirilməsi məsləhətdir.
Bu zaman maraqlı sual ortaya çıxır: Musiqi idmançıya nə verir?

İdmanda cəld və sürət tələb edən ritmik hərəkətlər olmalıdır. Bu ritm və cəldlik idmançının hərəkətini musiqinin sədaları altında tez bir vaxtda avtomatizmə gətirib çatdırır. Yarışda idmançı musiqi eşitməsə də, onun ruhuna hopmuş bu sədalar altında mübarizəsi coşan çaya bənzəyir. Bu vaxt hərəkətlərdəki elastiklik və mübarizlik sanki musiqi sədaları altında baş verir. Son illər Şərqi Avropa ölkələrinin əksəriyyətində güləşçilər, cüdoçular, taekvandoçular heç bir yorğunluq duymadan musiqi sədaları altında məşq edirlər. Bununla, hiss edilmədən qazanılan müsbət emosiyalar idmançını daim mübarizəyə ruhlandırır. Bu, eyni zamanda idmançıda dözümlülük və fiziki artıma güclü təsir göstərir.

İkinci dost

İdmançıların musiqi olaraq seçdikləri tərzlər, adətən, ritmik olur. Bəzən elə idman sahələri var ki, orda qüvvə və ağırlıq tələb edilir. Bu zaman nisbətən sakitlik olmalıdır. Çox maraqlıdır ki, Avropada dəbdə olan pop və soul musiqiləri, ümumiyyətlə, idman edilərkən dinlənilmir.
Avropalılara görə, musiqi dinləmək, əslində, ikinci bir dostun insanı ruhlandırmasıdır. Elm adamları musiqi ritmlərinin bədən hərəkətlərini sürətləndirdiyini və bunun həm də psixoloji reaksiyalara müsbət istiqamətdə təsir edə biləcəyini açıqlayıblar. “Köln İdman Akademiyası”nın araşdırma qrupunun elmi düşüncələrinə əsasən, həddindən artıq hərəkətli olmamaq şərtilə insanı cuşa gətirən musiqilərin seçilərək idman edilməsi idmançılara müsbət təsir göstərir.
İnsanların psixologiyası müxtəlif olduğu kimi, onların musiqi zövqləri də fərqlidir. Amma məsləhət görülür ki, məşqlərdə idmançını motivasiyaedici bir musiqi seçmək lazımdır. Musiqi dinləyərkən məşq etmək həm də bədəndə müəyyən bir kalori sərfi deməkdir.

Bizim musiqi və idman

Məşq zamanı seçilən musiqi bioritmik, sakit və axıcı olmalıdır. Odur ki, bəstəkarlar, adətən, idman yarışları, tədbirləri üçün musiqi yazarkən, onu təkcə yalnız bir yarış üçün yox, daim istifadə olunması üçün nəzərdə tuturlar. Azərbaycanın idman tarixində bəstəkarlarımızın müxtəlif festivallara həsr edilmiş gözəl kantataları, musiqiləri var. Musa Mirzəyevin “Gənc idmançılar mahnısı”, Niyazi və Rauf Hacıyevin birgə yazdıqları “Festival mahnısı (marş)”, Rauf Hacıyevin “Gənclik marşı”, Cahangir Cahangirovun “Yürüş mahnısı”, “Düşərgə nəğməsi” və digərləri idmanla musiqinin qarşılıqlı əlaqəsindən, vəhdətindən, gəncliyimizin fədakarlığından bəhs edir.
1980-ci ildə Moskvada keçirilən Olimpiada üçün Qara Qarayev və Azər Dadaşov idmançılara həsr edilmiş gözəl kantata yaradırlar. Əsərin musiqisində idmana xas olan fəal marş ritmi, hərəkəti, gümrah və şən əhval-ruhiyyəsi bu gün də özünü müsbət yöndə göstərməkdədir. Göründüyü kimi, musiqi dinləyərək məşq etmək bir çox müsbət vərdişlərin də yaranmasına səbəb olur.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR