İran İslam Respublikasının Urmiya şəhərində keçirilən karate-do üzrə XIII Beynəlxalq Dostluq və Həmrəylik turnirinə yekun vurulub.
10 ölkənin 320 idmançısının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası da 50 karateçi ilə təmsil olunub. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 3 yetirməsi isə millimizin heyətində qonşu ölkəyə yollanıb.
Beynəlxalq turnirdə Azərbaycan yığma komandası, ümumilikdə, 14 medal qazanıb ki, bunun da biri Naxçıvan karateçilərinin payına düşür. Belə ki, 14-15 yaşlı idmançıların mübarizəsində 52 kiloqram çəki dərəcəsində tatami üzərinə idmançımız İmran Həsənov çıxıb. O, yarımfinal mərhələsinə kimi məğlubiyyətsiz irəliləyib. Bu mərhələdə məğlub olan İmran Həsənov beynəlxalq turniri üçüncü pillədə başa vurub.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.
Qeyd edək ki, Karate-do Federasiyasının yetirmələrini qarşıda daha bir beynəlxalq turnir gözləyir. Belə ki, 22-26 avqust tarixlərində Türkiyənin Ərzurum şəhərində ənənəvi turnir keçiriləcək. Federasiya bu yarışda bir qız olmaqla, 5 idmançı ilə iştirak edəcək.
Ceyhun MƏMMƏDOV