22 Dekabr 2024, Bazar

İdmanın inkişafında, təbliğində, geniş yayılmasında idman məktəblərinin rolu danılmazdır. Uşaqların bu sahəyə cəlbində, onlara sağlam həyat tərzi aşılamaqda uşaq-gənclər idman məktəblərinin üzərinə mühüm vəzifələr düşür. Ümumiyyətlə, belə idman məktəbləri məktəbdənkənar, sosialyönümlü müəssisədir. Onlar öz fəaliyyətlərini uşaq, yeniyetmə və gənclərin ahəngdar inkişafına, bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsinə yönəldirlər. 

 Uşaq-gənclər idman məktəbləri tabeçiliyində olduqları təşkilatlar tərəfindən onlara həvalə edilmiş idman növlərini, məktəbin maddi-texniki bazasını, maliyyə vəsaitini nəzərə alaraq fəaliyyət proqramı hazırlayır və kollektivlərin pedaqoji şuralarında təsdiq edirlər. Onların qrupları ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələrindən, gənclər və hərbi qulluqçulardan komplektləşdirilir.

Qanuna uyğun olaraq Azərbaycan Respublikasında bu məktəblərin açılması bəzi şərtlərlə həyata keçirilir: təlim-məşq prosesinin təşkili üçün özünün və yaxud icarəyə götürülmüş idman bazasının olması, bir idman növü üzrə minimum 14 qrupun fəaliyyətini təmin etməsi, açılması nəzərdə tutulmuş idman növü üzrə ixtisaslı məşqçi-müəllim kadrlarının olması və sair.
Bu gün dövlət başçısı tərəfindən ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb. Bu inkişaf və nüfuz idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında öz əksini tapır.
Muxtar respublikada da idmana göstərilən diqqət və qayğı son illərdə xeyli artıb. Hazırda regionda yüzlərlə idman obyekti fəaliyyət göstərir ki, həmin obyektlərdən 40 mindən çox vətəndaş istifadə edir. Yaradılan şəraitin nəticəsidir ki, son illər idmançılarımız respublika və beynəlxalq səviyyəli yarışlarda böyük uğurlar əldə ediblər.
Bu gün muxtar respublikanın təhsil sistemində 8 uşaq-gənclər idman və 8 şahmat məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə idmanın sirlərinə yiyələnən gənc nəsil fiziki­-mənəvi baxımdan sağlam yetişir. Uşaqların müxtəlif səpkili uşaq-gənclər idman məktəblərinə yazılması, orada idmanın sirlərinə yiyələnməsi onların hərtərəfli inkişafı ilə yanaşı, zərərli vərdişlərdən uzaqlaşmasına imkan yaradır. Təhsil müəssisələrində idmanın müxtəlif növləri üzrə spartakiadalar, birinciliklər, dövlət əhəmiyyətli bayramlara həsr olunmuş tədbirlər və xatirə turnirləri keçirilir. Bu yarışların tələbə və şagirdlərin idmana marağının artırılmasında böyük rolu var.
Bəs uşaq-gənclər idman məktəblərimiz öz işlərini hansı istiqamətdə qurublar? İlk olaraq bu sualı Naxçıvan şəhər Uşaq-gənclər idman məktəbinin direktoru Məmmədcəfər Əliyevə ünvanladıq. Müsahibimiz bildirdi ki, burada 5 idman növü üzrə 650-yə yaxın yeniyetmə və gənc 18 məşqçi-müəllimin rəhbərliyi altında idmanla məşğul olur. Uşaqlar 9 yaşından məşqlərə cəlb edilirlər. Bütün işlər isə Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq həyata keçirilir.
Məsələyə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mövqeyini də öyrəndik. Nazirliyin əməkdaşı Mahir Əliyev bildirdi ki, metodik tövsiyələr və tədris proqramlarının hazırlanması Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir və buna uyğun olaraq pro­qram tərtib edilir. Hər rübdə bir dəfə məktəblərdə seminarlar təşkil olunur, görülən işlər müzakirə edilir və çatışmazlıqlar aradan qaldırılır.
İdman məktəblərində idman növləri üzrə məşqçilər şurası yaradılır. Şurada məşqçi-müəllimlərin rəhbərliyi altında ayda bir dəfədən az olmayaraq, təlim-məşq və tərbiyə işlərinə, idmançıların hazırlanmasının fərdi planlaşdırılmasına, onların yarışlarda iştirakı məsələlərinə baxılır. Məşqçi­-müəllimlərin məşq prosesinin təkmilləşməsi üzrə təlimat və məruzələri dinlənilir, açıq məşqlər keçirilir, müzakirə olunur və təcrübə mübadiləsi aparılır.
Bəs muxtar respublikada Təhsil Nazirliyi bu yöndə hansı işləri görür? Mahir Əli­yevin cavabı belə oldu: “Ümumiyyətlə, nazirlik hər il sen­tyabr ayında ümumi yığıncaq təşkil edir və idman məktəblərinin fəaliyyəti yönündə görülən işlər, qazanılan uğurlar barədə müzakirələr aparılır. Cari il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”ə həsr olunmuş müşavirədən sonra Təhsil Nazirliyində kollegiya yığıncağı keçirilib və tapşırıqlar verilib, tədbirlər planı hazırlanıb. Bu ili əhatə edən planda əsas məqsəd tam orta məktəblərdə idmanın inkişafına müsbət təsir göstərəcək işlər görmək və şagirdləri idmana cəlb etməkdir. İdman məktəblərinə gəlincə, onlar, öz növbəsində, tabeçiliyində olduqları təşkilatlar tərəfindən həvalə edilmiş idman növlərini, məktəblərin maddi-texniki bazasını, fəaliyyət pro­qramını hazırlayır və təqdim edirlər. Digər tərəfdən, tabeçiliyimizdə olan idman məktəblərində məşqlərin keçirilməsi üçün bəzi tam orta məktəblərin idman zalları onların ixtiyarına verilib”.
Bu gün muxtar respublikada uşaq və gənclər arasında idmanı daha da inkişaf etdirmək üçün bütün problemlər aradan qaldırılıb, yeni idman binaları, idman meydançaları tikilib istifadəyə verilib, onların inventar və avadanlıqlarla təchizatı yaxşılaşdırılıb. Bu məsələlərin həlli isə gənc nəslin fiziki-mənəvi inkişafında mühüm rol oynayır.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR