Mayın 16-da Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası seminar-treninq keçirmişdir. Seminar-treninqi giriş sözü ilə federasiyanın sədr müavini Ənvər Məmmədov açaraq muxtar respublikada idmana göstərilən dövlət qayğısından danışmış, bu sahədə qarşıda duran vəzifələrdən bəhs etmişdir. Bildirilmişdir ki, mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə, digər idman federasiyaları ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası qarşısında da mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələrin icrası ilə əlaqədar federasiyada bir sıra tədbirlər həyata keçirilmişdir. Qeyd olunmuşdur ki, bugünkü seminar-treninq həmin tədbirlərin davamıdır.
Sonra Azərbaycan Respublikası Basketbol Federasiyasının hakimlər kollegiyasının üzvü, beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov çıxış edərək slaydlarla məşqçilərin peşəkarlığı barədə tədbir iştirakçılarına məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.
Seminar-treninqə Ənvər Məmmədov yekun vurmuşdur.
Səbuhi HƏSƏNOV