22 Dekabr 2024, Bazar

Maddi və mənəvi potensialını qoruyub saxlamaq, inkişaf etdirmək üçün insan, ilk növbədə, fiziki cəhətdən sağlam olmalıdır. Yəni sağlamlıq təkcə idmanla məşğul olan insanlara deyil, hər kəsə lazımdır. Bu həm də birbaşa psixoloji durumla da bağlıdır. Sağlam düşüncəyə, psixologiyaya sahib fərd özünün hərtərəfli inkişafına diqqət yetirir, həyat mübarizəsində hər zaman qalib olur. 

Psixologiyası güclü olan insanlar, xüsusilə idmançılar digərləri üçün də əlavə motivasiya mənbəyi hesab edilirlər. Təsadüfi deyil ki, məşqçilər də yarışqabağı idmançının əhval-ruhiyyəsini öz emosional çıxışları ilə yüksəltməyə üstünlük verirlər. Komanda şəklində yarışda hətta bir idmançının belə, qətiyyətsiz, müsbət mənada, həyəcansız olması bütün komandanın mübarizə ruhuna təsir göstərir. Məşqçilərin fikrincə, idmançı sakit və həyəcansızdırsa, diqqətini intensiv şəkildə bir yerə yığmağa qadir olmayacaq.
Bu mənada, hiss, həyəcan fiziki hazırlığın ən ali ünsürlərindən hesab edilir. Bu amillər insan psixologiyasının yüksək dərəcədə hazır olması ilə yanaşı, həm də onun sosial­yönlü inkişafına təsir göstərir. Necə? Çox vaxt idmanı həyat üçün vacib olan institutlar sırasına daxil etmirlər. Lakin sosial institutların tərəfdarları iddia edirlər ki, hər bir sosial təzahürə müvafiq bir sosial institut var. O zaman belə bir sual formalaşır: bəs idmanda sosial institut nədir? Harlod Zborovskinin sosiologiya üzrə dərsliyində mülkiyyət, bazar, din, ideologiya, bölgü və istehlak, ticarət, demokratiya, səhiyyə, mədəniyyət, incəsənət, ənənə və kütləvi informasiya vasitələri ilə yanaşı, idmana da geniş yer verilib. Qeyd edilib ki, sosial idman institutunun əsas şərtlərindən biri insanların davranışını nizamlayan spesifik sosial normaların və təlimatların olmasıdır. Bura isə müxtəlif məşq qaydaları, müəllim-tələbə münasibətlərinin tənzimlənməsi, idmanı necə etməyin yolları daxil edilib. Sosial institutun ən vacib şərti isə həmin institutun dəyərlərinin yerləşdiyi dövlətin dəyərlərinə zidd olmamasıdır.

Bununla yanaşı, sosial idman institutu gənclərin formalaşmasına müxtəlif yöndə təsir göstərir. Bu gün Naxçıvan Muxtar Respublikasında bu sosial institut tam olaraq formalaşıb. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, ən əsası, milli dəyərləri qorumaq üçün yaradılan şərait cəmiyyətə faydalı bir nəslin yetişdiyini deməyə əsas verir. İdmanda sosial institutun formalaşması gənc­lərin hər sahədə özlərini sınamasına zəmin yaradır, onların fiziki, mənəvi-psixoloji vəziyyətlərini yaxşılaşdırır. Ona görə “idman sosiologiyası” anlayışını “sağlamlığın sosiologiyası” kimi də qəbul edə bilərik. Bunu isə cəmiyyətin sağlam tərzdə inkişafı kimi dəyərləndirmək olar.
İdmanın bir sosial institut kimi formalaşmasında idman mədəniyyətinin mühüm rolu vardır. İdman mədəniyyəti, yaxud fiziki mədəniyyət bir çox elmlərin tədqiqat obyektidir. Pedaqogika, psixologiya, tarix, kulturologiya, bədən tərbiyəsi nəzəriyyəsi kimi elmlərin formalaşması məhz öz başlanğıcını, əsasını buradan götürüb. Maraqlıdır ki, bu elmlərin hər biri idmanda özünə lazım olan amilləri seçir və öyrənir. Necəsinə gəlincə:
– pedaqogika bədən tərbiyəsinin tədrisi metodlarını öyrənir;
– bədən tərbiyəsi nəzəriyyəsi fiziki çalışmaların yerinə yetirilməsi texnikası və metodikasını öyrənir;
– bu halda sosiologiyanın hədəfi isə bədən tərbiyəsi və idmanın sosial genezisini, sosial rolunu və sosial funksiyalarını tədqiq etməkdir. Digər elmlərdən fərqli olaraq o, bədən tərbiyəsi ilə idmanı daha tam şəkildə öyrənməyə çalışır və özündə bir çox başqa elmlərin elementlərini birləşdirir.
Bəs idmanın hansı məqamlarında onun bir mədəniyyət nümunəsi olması daha çox özünü büruzə verir? Reallıq budur ki, idman hər zaman ümumbəşəri mədəniyyətin bir parçası hesab edilib. Ümumi qənaətə görə, mədəniyyət həm də formaların necə meydana gəlməsini, insanın bütün sahələr üzrə nəyi necə etdiyini təsvir edir. İdman və bədən tərbiyəsində isə insan, necə deyərlər, özü öz bədənini qurur, formalaşdırır, onu müəyyən bir idman növünün zərurətinə və tələblərinə uyğunlaşdırır. İdman insanlara gözəllik bəxş edir, idmandan alınan zövq təmənnasızdır, ona heyranlıq şəxsi mənafeyə əsaslanmır. Mədəniyyətin azadlığı və əlahiddəliyində də bu cür hallar var. Məhz buna görə idman mədəniyyətə yaxın, hətta onunla qoşa olan bir sahədir. İdman mədəniyyəti sağlam fərd kimi formalaşmaqda olan gənci cəmiyyətə icbari qaydada yox, yaradılan şəraitlə bəxş etməkdir.
Müasir dövrümüzdə sosial institutların yaradılması idmançıların uğurlu çıxışına da zəmin yaradıb. Bu gün qazanılan uğurların başlıca səbəbi gənclərə idmanın bir mədəniyyət olduğunu aşılamaq, onları həm idmançı, həm də savadlı bir fərd kimi formalaşdırmaqdır. Bu gün dünyada idmanın sosial bir institut və mədəniyyət kimi formalaşması idmançılar arasında dostluq münasibətlərini möhkəmləndirir, ölkələr arasında isə sülhün bərqərar olmasına dəstək verir.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR