Müstəqil Azərbaycanda idman cəmiyyət həyatının ayrılmaz tərkib hissələrindən biridir. Bu gün respublikamız idman ölkəsi kimi tanınıb, burada keçirilən çoxsaylı beynəlxalq yarışlar onu dünyanın idman mərkəzlərindən birinə çevirib. Sözsüz ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir.
Naxçıvan Muxtar Respublikasında da idmana göstərilən diqqət və qayğı bu sahənin inkişafına böyük təkan verir, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına şərait yaradır. Bu gün muxtar respublikamızın şəhər və rayonlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan idman kompleksləri, stadionlar, zallar tikilərək idmançıların istifadəsinə verilib. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması, idmanda kütləviliyin təmin olunması, nüfuzlu idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın mötəbər yarışlarda medallar qazanması muxtar respublikamızı idman məkanı kimi tanıdıb.
Uğurun başlanğıcı: yerli turnirlər
Gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Ona görə də muxtar respublikada bu sahənin inkişafı qabaqcıl istiqamət kimi müəyyənləşdirilib. Gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələrdə bu məqamlar xüsusilə vurğulanıb. Bu il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə də konkret tapşırıqlar verilib.
Cari ilin ötən dövrü ərzində muxtar respublikada keçirilən bir sıra yarışlar, turnirlər maraqla qarşılanıb. Bu müddət ərzində Naxçıvanda idman mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xarici mütəxəssislərlə təcrübə mübadiləsinin aparılması məqsədilə idman növləri üzrə seminarlar təşkil olunub. Bundan başqa, milli güləş, karate, boks, kikboksinq, şahmat kimi idman növlərinin inkişaf etdirilməsi sahəsində də böyük işlər görülüb.
Ötən illərdə olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikası ölkənin idman mərkəzlərindən birinə çevrilib, regionumuzda bir sıra beynəlxalq turnirlər təşkil edilib. Həmin yarışlar yüksək səviyyədə baş tutub. Belə ki, mayın 1-2-də Şərur Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə peşəkarlararası reytinq və kəmər döyüşləri təşkil olunub və 14 idmançının iştirak etdiyi yarışda 67 kiloqram çəki dərəcəsində Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının yetirməsi Ruslan Musayev qalib adını qazanıb. 11-14 iyun tarixlərdə isə boks üzrə yeniyetmələr arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev kuboku-2017” Beynəlxalq turnirində qazanılan uğurlar muxtar respublikanın idman sahəsində nə qədər inkişaf etdiyini bir daha göstərdi. Bu müddət ərzində Naxçıvan Muxtar Respublika Stadionunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” turniri, eyni zamanda bu arenada Azərbaycan kubokunun final oyununun keçirilməsi, İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının final mərhələsinin təşkili idman ictimaiyyəti tərəfindən alqışlarla qarşılandı.
Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında, İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş pauerliftinq və bench-press idman növü üzrə beynəlxalq turnirdə isə dünyanın 100-dən çox idmançısı mübarizə apardı.
Muxtar respublikamızda idman sahəsində əldə olunmuş nailiyyətlər, idmançılarımızın ən mötəbər beynəlxalq idman yarışlarında qazandıqları uğurlar Gənclər və İdman Nazirliyi, yerli idman federasiyalarının sıx əməkdaşlığı sayəsində mümkün olmuşdur.
Naxçıvanlı idmançıların yeni adı: arzuolunmaz rəqiblər
Keçirilən yerli idman yarışları, həmçinin muxtar respublikada təşkil olunan ölkədaxili və beynəlxalq turnirlər idmançılarımızın da təcrübə qazanması baxımından böyük önəm kəsb edir. Qeyd etdiyim kimi, muxtar respublika idman məktəblərinin yetirmələri bu ilin ötən aylarında istər ölkədaxili, istərsə də beynəlxalq arenalarda uğura imza atmağa müvəffəq olublar. Bu ilin ilk ayında Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında karate-do üzrə klublararası beynəlxalq turnirdə, Salyan rayonunda şahmat üzrə 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Azərbaycan birinciliyinin seçmə yarışlarında, Bakı şəhərində keçirilən boks üzrə Azərbaycan çempionatında, ümumilikdə, qazanılan 14 medal uğurlarımızın başlanğıcı kimi tarixə düşdü. Növbəti iki ayda isə kikboksinq üzrə XXIII Azərbaycan çempionatında, cüdo, qız və oğlan atletləri arasında yüngül atletikanın qaçış növü, ağırlıqqaldırma, pauerliftinq, sərbəst güləş üzrə Azərbaycan birinciliklərində, MMA (Qarışıq Döyüş Növləri) üzrə Sumqayıt şəhər açıq birinciliyində qazanılan uğurlar muxtar respublikada idmanın inkişafının göstəricisidir.
Ölkədaxili turnirlərdə əldə olunan uğurlar bununla bitmir. Belə ki, idmançılarımız aprel ayında Hövsan Olimpiya-İdman Kompleksində Qarışıq Döyüş Növləri üzrə MMA Azərbaycan çempionatında 3, Sumqayıt Olimpiya-İdman Kompleksində MMA kempo üzrə Azərbaycan çempionatında 4, Balakən rayonunda sərbəst güləş üzrə yeniyetmələr arasında XI Respublika Oyunlarında 2, may ayında isə Xırdalan Olimpiya-İdman Kompleksində Qarışıq Döyüş Növləri üzrə Azərbaycan turnirində 4, Bakı şəhərində MMA üzrə Azərbaycan çempionatında 10 müxtəlif əyarlı medal əldə ediblər.
Dünya və Avropa, eləcə də beynəlxalq turnirlərdə idmançılarımız artıq arzuolunmaz rəqiblər statusunu alıblar. 2017-ci ilin ilk 7 ayı ərzində muxtar respublikanı təmsil edən idmançılar böyük nailiyyətlər əldə ediblər. Bu yarışlar çərçivəsində İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətində keçirilən boks üzrə beynəlxalq turnirdə dəri əlcək sahiblərimiz 5 medal qazanıb, bu ölkənin Urmiya şəhərində sərbəst güləş üzrə beynəlxalq turnirdə isə güləş komandamız qalibiyyətə imza atıb. Naxçıvan boks məktəbinin yetirməsi Tayfur və Sərxan Əliyevlər mart ayında Bakı şəhərində keçirilən IX “Böyük İpək Yolu” beynəlxalq turnirində fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. Tayfur Əliyev həmçinin Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında bürünc medalı da əldə edib.
Aprel ayında şahmatçılarımız Türkiyənin Ordu şəhərində keçirilən III Ordu beynəlxalq şahmat turnirində, kikboksçumuz Ruslan Musayev Macarıstanın Budapeşt şəhərində kikboksinq üzrə Dünya çempionatında, karateçilərimiz isə Gürcüstanın Tbilisi şəhərində karate üzrə beynəlxalq turnirdə uğura imza ataraq, muxtar respublika idmanını layiqincə təmsil edib, mükafatçılar sırasına düşüblər.
Əldə olunan uğurlar bir daha göstərir ki, Naxçıvan idmanı yüksək səviyyədə inkişaf edir, muxtar respublikada olimpiya-idman növləri ilə yanaşı, qeyri-olimpiya-idman növlərinə də daim diqqət və qayğı göstərilir. Bu gün muxtar respublikanın beynəlxalq idman qurumları ilə əlaqələri də yüksək səviyyədədir. Bunun nəticəsidir ki, Naxçıvanımızda artıq beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilməsi bir ənənəyə çevrilib. Naxçıvandakı mövcud idman infrastrukturu, idmançılara göstərilən diqqət və qayğı, insanlarımızın qonaqpərvərliyi burada ən mötəbər yarışlara ev sahibliyi etməyə şərait yaradır.
Qadınların idmana cəlbi istiqamətində ardıcıl işlər görülür
Cəmiyyətdə, ümumilikdə, belə bir fikir var ki, qadınlar, əsasən, sağlamlıqlarını qorumaq naminə idman edirlər. Çünki idman qadınları nəinki fiziki, eləcə də mənəvi cəhətdən gücləndirir. Araşdırmalar göstərir ki, qadın orqanizmi idmana kişilərdən daha tez adaptasiya olur.
Naxçıvan Muxtar Respublikasında qadınların idmana cəlbi yönündə mühüm addımlar atılıb. İlk olaraq Gənclər və İdman Nazirliyinin nəzdində bədii gimnastika bölməsi fəaliyyətə başlayıb və qısa vaxt ərzində bura yüzlərlə azyaşlı müraciət edib. Çünki bədii gimnastika həm sağlamlığı qoruyur, həm də fiziki inkişafı sürətləndirir. Bu idman növü ilə yanaşı, cari ildə qızlar üzrə həndbol bölmələri də fəaliyyətə başlayıb. Hazırda muxtar respublikanın şəhər və rayonlarında həndbol bölmələrində yüzlərlə qız bu növlə məşğul olur.
Ümumiyyətlə, son illərdə Naxçıvanda qadınların idmana marağı xeyli artıb. Bunun əsas səbəbi onlar üçün yaradılan şərait və burada peşəkar məşqçi-müəllimlərin çalışmalarıdır. Bədii gimnastika və həndbolla yanaşı, stolüstü tennis, karate-do, taekvando, basketbol, voleybol, yüngül atletika, şahmat, Şərur rayonunda trenajor və üzgüçülük idman növləri üzrə də qız bölmələri fəaliyyət göstərir.
Turizmin inkişafına töhfə
Muxtar respublikamızın turizmdə rəqabət imkanları hədsizdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Son illər ərzində Naxçıvanda bu istiqamətin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi də turizmin inkişafına geniş zəmin yaradır. Həmin tədbirlər nəticəsində muxtar respublikada turizm sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. İdmanın ən sıx əlaqədə olduğu sektor turizm sektorudur. Bu ilin ötən dövrü ərzində muxtar respublikada keçirilən beynəlxalq yarışlar yüzlərlə əcnəbi vətəndaşın Naxçıvana təşrif buyurmasına səbəb olub.
Bu gün muxtar respublikada keçirilən beynəlxalq səviyyəli turnirlər həm də regionda turizmin inkişafına öz töhfəsini verir. Yaradılan şəraitdən düzgün istifadə etmək, idmanımızın yüksəlişinin davamlılığını təmin etmək isə hamımızın borcudur.
Ceyhun MƏMMƏDOV