Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi görüşdə “Sədərək” və “Naxçıvan” komandaları üz-üzə gəlib.
Görüşdən öncə çıxış edən Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev bildirib ki, bu gün muxtar respublikada idmanın digər növləri kimi, voleybolun da inkişafına xüsusi diqqət göstərilir. Cari ildə keçirilən tədbirlər, həmçinin kişilərdən ibarət voleybol üzrə Azərbaycan çempionatının final mərhələsinin Naxçıvanda keçirilməsi muxtar respublikada bu növə marağın çox olduğunun göstəricisidir. Məqsədimiz voleybol idman növünü uşaq və yeniyetmələr arasında təbliğ etmək, gəncləri zərərli vərdişlərdən uzaq tutmaqdır.
Maraqlı mübarizə şəraitində keçən qarşılaşmanı Sədərək voleybolçuları 3:1 hesablı qələbə ilə başa vurublar.
Sonda idmançılara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.
Ceyhun MƏMMƏDOV