22 Dekabr 2024, Bazar

Muxtar respublikada idmanın bütün sahələrinin inkişafı, təbliği artıq ənənə halını alıb. Regionda yeni idman bölmələrinin fəaliyyətə başlaması, uşaq və yeniyetmələrin bu sahələrə cəlbi isə bu prosesi daha da sürətləndirib. Sevindirici haldır ki, bu gün Naxçıvanda idmana maraq göstərənlərin sayı getdikcə artmaqdadır. Bu isə onların zərərli vərdişlərdən uzaq durması üçün vacib amillərdəndir.

Muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən idman bazaları bu sahənin kütləvi hal almasının göstəricisidir. İdman federasiyaları ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən idman bölmələri bu gün regionda bu sahənin geniş vüsət almasına öz töhfəsini verməkdədir. Belə bölmələrdən biri də “Əlincə” stolüstü tennis idman klubudur. Artıq 3 ilə yaxındır ki, muxtar respublikada uşaq, yeniyetmə və gənclərə bu idmanın sirlərini öyrədən klubun ­ 50-dən çox üzvü var. Məşq prosesləri Naxçıvan Üzgüçülük Mərkəzinin zalında aparılır və idmançılar yaşlarına, eyni zamanda oyun təcrübəsinə görə məşqlərdə qrup halında iştirak edirlər.
Ümumiyyətlə, stolüstü tennisin tarixinə nəzər yetirsək, maraqlı nüanslarla qarşılaşa bilərik. Bu idmanın salon tennisi adıyla bilinən ilkin variantı 1880-ci illərdə Hindistan və Cənubi Afrikadakı ingilis ordu zabitləri tərəfindən oynanılıb. Siqar qutularının qapaqlarından raketka, yuvarlaşdırılmış şərab şüşəsi tıxaclarından top, kitablardan isə tor kimi istifadə edirdilər. Daha sonra ingilislər tərəfindən digər versiyaları tətbiq edilən oyun püxtələşdirilməyə başlandı.

Bir müddət sonra istehsalçıların ümumi bir ad olan “table tennis” (stolüstü tennis) adı altında satdıqları avadanlıqlarla bu idman İngiltərə və Avropada yayıldı. 1921-ci ildə İngiltərədə yeni bir stolüstü tennis federasiyası yaradıldı. 1926-cı ildə Berlində İngiltərə, İsveç, Macarıstan, Hindistan, Danimarka, Almaniya, Çexoslovakiya və Avstriyanın iştirakı ilə keçirilən yığıncaqda Beynəlxalq Stolüstü Tennis Federasiyası təsis edildi. Maraqlı olan digər məqam isə asiyalı oyunçuların “Penholder tutuşu” adı verilən və raketka sapının baş barmaq ilə işarə barmağı arasında tutulmuş formasını inkişaf etdirmələridir. Bu şəkildə hər növ vuruş üçün raketkanın eyni üzündən istifadə etmək mümkündür. Bu forma bu gün bir çox oyunçu tərəfindən istifadə edilməkdədir. 1988-ci ildə stolüstü tennis kişi və qadınlarda təklər və cütlər müsabiqələrini ehtiva edən olimpiya-idman növü statusunu aldı.
Azərbaycan Stolüstü Tennis Federasiyası 1995-ci ildən 207 dövlətin milli federasiyalarını özündə birləşdirən Beynəlxalq Stolüstü Tennis Federasiyasının və 56 Avropa Milli federasiyasının daxil olduğu Avropa Stolüstü Tennis Birliyinin və 2007-ci ildən Şərqi Avropa Liqasının üzvüdür.
Regionlarda, xüsusilə Naxçıvanda bu növün inkişafı üçün mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində olan bölmə lazımi idman avadanlıqları ilə təmin edilib. Üzgüçülük Mərkəzində yeni tennis stolları quraşdırılıb və bu idman növü ilə məşğul olmaq istəyənlər üçün hərtərəfli şərait yaradılıb. Mərkəzdə uşaqlara bu növün sirlərini öyrədən məşqçi-müəllim Novruz Novruzov bizimlə söhbətində ilk olaraq stolüstü tennis idman növünün qaydaları barədə məlumat verərək dedi: “Stolüstü tennis sürətli bir oyun olduğu üçün geniş zallarda keçirilir. Beynəlxalq turnirlərdə bu oyun 2 və ya 4 idmançı arasında oynanılır. Tennis stolunun arxasında olan idmançılar hər qazanılan xaldan sonra oyunu yenidən başlayırlar. Oyunçulardan biri set atışını başlayır və öz tərəfinə topu bir dəfə vurmaqla digər sahəyə yollayır. Stoladəymə yalnız topu oyuna daxil edərkən olur. Stolüstü tennis topunun diametri isə 40 millimetrdir”.
“Həftənin 2, 4 və 6-cı günləri uşaqlara stolüstü tennisin qaydaları öyrədilir”, – deyən məşqçi-müəllim bu növə böyük maraq göstərildiyini bildirdi: “Bizim əsas məqsədimiz yerli idmançıları, idman mütəxəssislərini beynəlxalq stolüstü tennisin yeni qaydaları ilə tanış etmək, onların ixtisaslarını artırmaq və hazırlıq səviyyələrini müəyyən etməkdir. Bunun üçün hər bir idman avadanlığı ilə təmin edilmişik. Üzərimizə düşən məsuliyyətli işin öhdəsindən gəlmək üçün böyük həvəslə çalışırıq. Nazirlik tərəfindən hər zaman bölmə­mizdəki idmançılara diqqət göstərilir. Çalışırıq ki, bu diqqəti qarşılıqsız qoymayaq və keçiriləcək ölkədaxili yarışlara idmançı hazırlayaq. Beynəlxalq tennis aləminə inteqrasiya olunmağın xüsusi önəm daşıdığını nəzərə alaraq deyə bilərəm ki, qarşıdakı illərdə naxçıvanlı tennisçilər böyük uğurlar əldə edəcəklər”.
Stolüstü tennis sağlamlıq baxımından digər idman növlərindən bir az fərqlənir. Bu növ daha çox diqqət və cəldlik tələb etdiyindən, idmançıların şüuruna bila­vasitə təsir göstərir. Xüsusilə uşaqların bu növlə məşğul olmaları məsləhət görülür. Çünki stolüstü tennis oynayarkən əlinlə bərabər, topa gözlərinlə də diqqət etməlisən. Diqqətin yayınarsa, o zaman əlin köməyinə çatmaz. Stolüstü tennis başla düşünülüb əllə cəldlik tələb edən oyundur.
Ölkəmizdə idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayan, bu idman növünün təbliği və inkişafı istiqamətində görülən işlərdən danışan Novruz Novruzov muxtar respublikamızda beynəlxalq standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını, Naxçıvanın ən nüfuzlu idman tədbirlərinin keçirildiyi məkana çevrildiyini də qeyd etdi. Məşqçi-müəllim son 3 ildə idmanın stolüstü tennis növünün inkişafını, idmançılarımızın qazandığı uğurları yaradılan şəraitlə əlaqələndirdi və buna görə minnətdarlığını bildirdi.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR