Gənclərin idmana cəlbi istiqamətində görülən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliyinə start verilib.
Culfa rayonunun Bənəniyar kənd futbol meydançasında Yaycı və Göydərə kənd komandaları üz-üzə gəlib. Görüşü 4:3 hesablı qələbə ilə başa vuran Göydərə komandası növbəti mərhələyə yüksəlib.
Şahbuz rayonunda 9 komandanın mübarizə apardığı birinciliyin ilk oyununda Kükü və Badamlı kənd komandaları qarşılaşıb. Görüş birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Sədərək kənd stadionunda keçirilən görüşün qalibi isə müəyyənləşməyib. Sədərək və Qaraağac kənd komandalarının qarşılaşmasında hesab bərabər olub – 4:4.
Şərur rayonunun Aralıq kənd stadionunda Dizə və Qarxun kənd komandaları üz-üzə gəlib. Görüş dizəlilərin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər böyükhesablı qələbə Naxçıvan şəhərində qeydə alınıb. Belə ki, Qaraçuq komandası Tumbul komandasını 16 dəfə meydanın mərkəzinə dəvət edib – 16:4.
Kəngərli rayon birinciliyində ilk oyun gərgin mübarizə ilə yadda qalıb. Böyükdüz kənd komandası Qarabağlar kənd komandasına 4:5 hesabı ilə məğlub olub. Ordubad rayonunda isə Kələntər Dizə kənd komandası Düylün kənd komandasından üstün olub – 5:2.
Qeyd edək ki, növbəti oyunlar iyul ayının 29-da keçiriləcək.
Ceyhun MƏMMƏDOV