Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində məktəbli qızlar arasında keçirilən üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.
Yarışın keçirilməsində məqsəd məktəblilərin yay tətilində asudə vaxtlarının daha da səmərəli təşkili və onlara sağlam həyat tərzi aşılamaqdır.
Üzgüçülüyün sərbəst üsulu üzrə 25 və 50 metr məsafədə təşkil edilən yarışda 3 yaş qrupunda 25 idmançı mübarizə aparıb.
Yekun nəticəyə əsasən 2001-2003-cü illər təvəllüdlü idmançılar arasında 50 metr məsafədə Nərmin Həsənova, 2004-2005-ci illər təvəllüdlü idmançılar arasında 25 metr məsafədə Zöhrə Kəngərli və 2006-2008-ci illər təvəllüdlü idmançılar arasında 25 metr məsafədə Gülan Əhmədova bütün rəqiblərini geridə qoyaraq qalib adını qazanıblar.
Sonda hər yaş qrupunda yer tutan və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim edilib.
Birincilik Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilib.
Ceyhun MƏMMƏDOV