İntellektual idman növü olan şahmatın inkişafı muxtar respublikamızda daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikasında şahmatın kütləviliyinin təmin olunması,şahmat məktəblərinin şəbəkəsinin genişləndirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi və peşəkar mütəxəssislərin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hər il Naxçıvanda təşkil edilən beynəlxalq şahmat festivalı və digər şahmat yarışları şahmatın inkişafında, bu sahədə gənc istedadların yetişməsində böyük rola malikdir. Muxtarrespublikada keçirilən yarışlarda iştirak edənlərin sayının daha da artması bu sahəyə göstərilən diqqətin nəticəsidir.
Son illərdə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Bundan əlavə, müasir informasiyakommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblə- rində distant və interaktiv təhsilin təşkili üçün hər cür şərait yaradılıb. Hazırda muxtar respublikada 3 mindən çox uşaq bu idman növünün sirlərinə yiyələnir. Hərtərəfli şərait ilə təmin olunan şahmat təhsili ocaqlarından biri də Şahbuz Rayon Uşaq-gənclər şahmat məktəbidir.
Bura gələcəyimiz olan uşaq və gənclərin bu idman növü ilə bağlı biliklərə yiyələnməsində, onların peşəkar şahmatçılar kimi yetişməsində önəmli rol oynayan təlim və tədris müəssisələrindən biridir. Məktəbin yetirmələri muxtar respublika birinciliklərində uğurla çıxış edir, bu şahmat təhsili ocağını layiqincə təmsil edirlər.
Rayon Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Gülmalıyev rəhbərlik etdiyi tədris mərkəzinin fəaliyyəti, qazanılan uğurlar və məktəbin gələcək planları barədə danışaraq qeyd etdi ki, ötən il və bu ilin ötən dövrü məktəbimiz üçün uğurlu oldu.
Onun dediklərindən: – Məktəbimizin yetirmələri Naxçıvanda keçirilən bir neçə yarışda maraqlı çıxışları ilə yadda qaldılar. Müəyyən yaş qruplarında nailiyyətlərimiz də çox oldu. Biz mütəmadi olaraq məktəb daxilində turnirlər, yarışlar keçirir, şagirdlər arasında seçim edirik. Bu yarışlar fərdi və qrup şəklində təşkil olunur. Həmin turnirlər tədris prosesinə müsbət təsir göstərir. Bütün bunlar uşaqlar arasında rəqabət hissini daha da gücləndirir, onları öz üzərində məsuliyyətlə işləməyə vadar edir. Bu, bizə həm məktəb şagirdləri arasında seçim etməyə, həm də kimin güclü və zəif olduğunu ayırd etməyə imkan yaradır. Yarışların sonunda qaliblərə diplomlar verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin həlli istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi ötən tədris ilindən başlayaraq şahmat məktəbində ayda bir dəfə innovativ şahmat məşğələləri keçirilir. Təşkil olunan məşğələlər uşaqların bu oyunun sirlərinə daha dərindən yiyələnməsində mühüm rol oynayır.
Məktəbin müəllimi Firəddin Hüseynovla söhbət zamanı qeyd olundu ki, rayona hər dəfə Naxçıvan şəhərindən təcrübəli və peşəkar şahmatçı-müəllimlər, məşqçilər gələndə bu hadisə uşaqlar üçün əsl bayrama çevrilir. Bu da uşaqların şahmat səviyyələrinin artırılmasında önəmli faktorlardan biridir. Bundan başqa, digər rayonların Uşaq-gənclər şahmat məktəbləri arasında yarışların keçirilməsini də artıq ənənə halına salmışıq. Digər rayonlara yolumuz düşərkən uşaqlar həmin bölgələrin gəzməli-görməli yerləri ilə də yaxından tanış olur, uşaq şahmatçılarla dostluq əlaqələri qururlar.
Uşaqların peşəkarlıq səviyyəsinin artırılması nöqteyi-nəzərindən biz məşqçi-müəllimlərin daim öz üzərlərində işləmələri vacib şərtdir. Elə yetirmələrimiz vardır ki, müəyyən uğurlar əldə etdikdən sonra ilk müəllimlərini, məşqçilərini unutmur, onları yada salırlar. Bu, bizi çox sevindirir. Sevinirik ki, əməyimiz hədər getməyib. Məktəbimizin balaca şahmatçılarından Ümid Məhərrəmli, Nuray Quluzadə, Fatimə Yusifli, Günay Əliyeva və başqaları yaxşı gələcək vəd edirlər. Təbii ki, bu işdə ardıcıl dövlət qayğısının böyük rolu vardır.
Bəli, əvvəllər muxtar respublikamızda şahmat məktəbləri barmaqla göstərilirdi. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində şahmat məktəblərinin sayı artdı, orta məktəblərdə bu idman növünün tədrisinə başlanıldı. İndi Naxçıvanda şahmatın inkişafına dövlətsəviyyəsində göstərilən diqqət və qayğı öz bəhrəsini verir, muxtar respublika hər il mötəbər şahmat turnirlərinə ev sahibliyi edir. Bu turnirlərdə müxtəlif qruplar üzrə yarışan uşaq və yeniyetmə şahmatçılarımız yarış təcrübələrini artırır, dünyanın müxtəlif ölkələrindən gəlmiş şahmatçıların oyun üslubu ilə tanış olurlar. Bütün bunlar isə gələcəkdə daha böyük uğurlar qazanılmasına imkan verəcək.
Səbuhi HÜSEYNOV