Bəşər övladı sağlam yaşamaq üçün daim yollar axtarır, nəyin faydalı və ya ziyanlı olduğunu araşdırır. Müasir dövrümüzdə elmin sürətlə inkişaf etməsi və aparılan araşdırmalar da sağlam yaşamağın formulunu müəyyənləşdirir.
Bu günədək hər kəs tərəfindən qəbul edilən bir reallıqdır ki, orqanizmin möhkəmlənməsi, xəstəliklərə qarşı müqavimətinin artması üçün ən səmərəli vasitə idman təmrinləridir. Ancaq idmanla məşğul olarkən hər kəs üçün fərdi xüsusiyyətləri də nəzərə almaq, verilən məşq yükünü artırıb-azaltmaqla həyata keçirmək və bəzi məqamlarda aktiv istirahətə diqqət yetirmək lazımdır. Məşğələlərin ardıcıl, davamlı olması, metodik prinsiplərlə və fiziki keyfiyyətlərlə əlaqələndirilməsi sinir sisteminin təkmilləşməsinə, orqanizmin inkişafına, yüksək bacarıq və vərdişlərin yaranmasına səbəb olur.
İdmançının fiziki hərəkətlərlə yanaşı, gigiyena, anatomiya, fiziologiya və psixologiya elmlərindən də anlayışı olmalıdır. Əslində, bu həm də idmançı üçün dəyərli informasiya bazasıdır. Belə ki, alimlərin səyi nəticəsində orqanizmin bütün xüsusiyyətləri, quruluşu, maddələr mübadiləsi, fermentlərin və vitaminlərin əhəmiyyəti elmi sübutlarla göstərilmişdir. Bunlardan düzgün istifadə də böyük əhəmiyyət kəsb edir.
Bu məqamda qeyd edək ki, insan orqanizmini təşkil edən kimyəvi birləşmələr müxtəlif olduğundan qəbul edilən qida növünün də müxtəlifliyinə diqqət etmək lazımdır. Çünki hər bir qida növünün özünəməxsus tərkibi var. Düzgün qidalanma əqli, fiziki inkişafa, sağlamlığın qorunmasına və orqanizmin müqavimətinin artmasına səbəb olur. Məsələn, qlükoza orqanizmin hüceyrələrini enerji ilə təmin edir, çox olduqda yağa çevrilir. O, idmançıların əsas qaynağı sayılır. Çünki idmançılar üçün bədənin hər kiloqram çəkisinə bir qram protein düşməlidir. Elmi araşdırmalara görə, çəkinin həftə ərzində 300-600 qram artıb-azalması məqsədəuyğun sayılır. Ona görə də normada qidalanmaq vacibdir. Daha çox yemək isə mədə-bağırsaq, ürək-damar xəstəliklərinə və maddələr mübadiləsinin pozulmasına səbəb olur. Qida müxtəlif, keyfiyyətli, az həcmli olmalı, qida məhsullarında hansı vitaminlərin az və ya çox olduğu müəyyən edilməlidir. Gün ərzində orqanizmin vitaminlərə tələbatının az olmasına baxmayaraq, onların azlığı və ya çoxluğu bir çox xəstəliklərə səbəb olur.
Vitaminlər bədənimizin normal funksiyalarını yerinə yetirə bilməsi üçün gərəkli olan orqanik maddələrdir. Kalori ehtiva etmirlər. Bədəndə sintezlənmələri azdır, ya da heç sintezlənməzlər. Bu səbəblə xaricdən qidalar yolu ilə təmin edilirlər. Vitaminlər olmadan bir çox həyati funksiya yerinə yetirilə bilmir. Buna görə də vitaminlərin insan bədəni üçün önəmi müzakirə olunmazdır. Bu səbəblə, vitamin çatışmazlığı yaşamamaq və sağlam bir bədənə sahib olmaq üçün sağlam və balanslı şəkildə qidalanmada vitaminlərin önəmi böyükdür.
Bəzi vitaminlərin hansı qidalarda üstünlük təşkil etdiyini və orqanizmə nə qədər lazım olduğunu isə alimlər bu şəkildə müəyyənləşdiriblər:
A vitamini: insan orqanizmində olan A vitamini A1 petinol formada müşahidə olunur. Balıq, qaraciyər və süd yağlarında olur. Orqanizmdə çox olduqda saçlar tökülür. Az olanda maddələr mübadiləsi pozulur, dəri quruması, zəif görmə baş verir, uşaqlarda boy inkişafdan qalır. Gündəlik tələbat 1-2 milliqramdır.
B qrupu vitaminləri:
B6 vitamini: maddələr mübadiləsində aktiv iştirak edir. Pridoksin dərinin fəaliyyətini normallaşdırır. Az olduqda anemiya (qanazlığı) xəstəliyi yaranır. Bağırsaqlarda mikrob təsiri altında sintez olur. Gün ərzində 2-4 milliqram lazımdır.
B15 vitamini (panqan): ürək-damar sisteminə, böyrəküstü vəzin funksiyasına təsir göstərir, qaraciyər, piy degenerasiyasının qarşısını alır. Gündəlik tələbat 100-150 milliqramdır. Düyü və paxlalı bitki toxumlarında çox olur. B qrupu vitaminlərinin azlığı nəticəsində sinir xəstəlikləri yaranır.
C vitamini: bu vitaminin çatışmazlığında skorbut xəstəliyi yaranır. Dişin tökülməsi, diş ətinin şişməsi (sinqa) halları baş verir. Meyvələrdə, göyərtilərdə çox olur. Təzə şəkildə qəbul edilməsi məqsədəuyğundur. Bəzi tərəvəz məhsullarında çoxdur. Gün ərzində 50-75 milliqram lazım olur. İdmançılara məşq dövründə 100-150 milliqramadək artırmaq lazımdır.
D vitamini: ən çox yayılan növü D2 və D3 vitaminləridir. Diş və sümüklərin inkişafına səbəb olur. Çatışmadıqda raxit xəstəliyi yaranır. Yumurta, balıq yağı və qaraciyərdə çoxluq təşkil edir.
E vitamini: göyərti, fındıq, ət, süd və bitki yağlarında çox olur. Gündəlik tələbat 30 milliqramdır. Orqanizmdə yetəri qədər E vitamini olmadıqda sonrakı mərhələdə xəstəliyə çevrilə bilən əzələ zəifliyi yaranır.
K vitamini: orqanizmdə azlığı nəticəsində qanda protrombinin azalmasına səbəb olur. Nəticədə, qanın laxtalanma qabiliyyəti azalır. Gündəlik tələbat 10-15 milliqramdır.
Sağlamlığımızı qorumaq üçün qidalar vasitəsilə bu vitaminləri düzgün qəbul etməli, idmanla məşğul olmalıyıq. Sağlam həyat tərzi üçün bu, vacib amillər hesab edilir.
Kamaləddin İsmayılov
Naxçıvan Muxtar Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi