İdman insanların fiziki inkişaf səviyyəsini qiymətləndirmək vasitəsi kimi meydana çıxan ümumbəşəri mədəniyyətin tərkib hissəsi hesab edilir, mədəni ünsiyyət qurmaq bacarığını aşılayır, insanı mənən ucaldır. Bu baxımdan uşaq və gənclərin fiziki, həm də mənəvi cəhətdən inkişafında idmanın rolu danılmazdır. Bu gün onların idmana cəlb edilməsində təhsil müəssisələri, idman məktəbləri böyük rol oynayır. Haqqında danışacağımız İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbi belə idman ocaqlarından biridir.
Uşaq və gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzi keçirmələri, fiziki və mənəvi cəhətdən kamilləşmələri istiqamətində işini günün tələbləri səviyyəsində quran Uşaq-gənclər idman məktəbi muxtar respublikada fəaliyyət göstərən nümunəvi idman müəssisələrindən biridir.
Məktəbdə 4 idman növü üzrə 500-dən çox idmançı 19 məşqçi-müəllimin rəhbərliyi ilə idmanla məşğul olur. Məktəbin direktoru Faiq İsgəndərov bizimlə söhbətinə əvvəlcə ölkəmizdə gənclərə qayğı ilə yanaşıldığından söz açdı. O dedi: “Muxtar respublikada istər elm və təhsil, istər idman, istərsə də mədəniyyət, incəsənət və digər sahələrdə bacarıqlı, istedadlı gənclər kifayət qədərdir. Onların üzə çıxarılması, həvəsləndirilməsi, vətənpərvər, sağlam ruhda böyüdülməsi mühüm əhəmiyyət daşıyır. Bu gün gənclərə böyük diqqət və qayğı göstərilir, bu istiqamətdə həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, muxtar respublikada idmanla məşğul olmaq istəyənlərin sayı gündən-günə artır. Çünki uşaq və gənclərə diqqət və qayğının göstərildiyi, güclü idman infrastrukturunun yaradıldığı bir regionda idmanla məşğul olmamaq qeyri-mümkündür. Dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə əldə edilən uğurlar deməyə əsas verir ki, idmançılarımız onlara göstərilən qayğıya öz əməli işləri ilə cavab verir, öz üzərlərində daim işləyir, yeni-yeni nailiyyətlər əldə edirlər”.
Faiq İsgəndərovla söhbət zamanı uşaqların məktəbə qəbulu barəsində də məlumat aldıq. O bildirdi ki, burada sərbəst və yunan-Roma güləşi, cüdo, sambo idman növləri üzrə məşqlərə uşaqlar 9 yaşından cəlb edilirlər. Onun sözlərinə görə, qarşıya qoyulan məqsəd bu idman növlərini muxtar respublikada geniş yaymaq və təbliğ etməkdir. Bu gün idmançılar üçün hər cür şərait yaradılıb və bu, öz müsbət nəticələrini verir. Belə ki, məktəb Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyası tərəfindən yeni güləş döşəkləri ilə təmin edilib. Uşaq-gənclər idman məktəbi ilin hər ayında ənənəvi olaraq açıq birinciliklər təşkil edir. Yarışların keçirilməsində məqsəd uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların idmana cəlb edilməsi, eyni zamanda idmançıların yarış təcrübəsini artırmaqdır.
Bu ilin ilk 6 ayı ərzində Uşaq-gənclər idman məktəbi üçün uğurlarla yadda qalıb. Məktəbin idmançıları bir sıra respublika və beynəlxalq miqyaslı turnirlərdə əzmlə çıxış edərək, yüksək nəticələr qazanıblar. Belə ki, məktəbin yetirmələri Balakən rayonunda sərbəst güləş üzrə yeniyetmələr arasında XI Respublika Oyunlarında mübarizə aparıblar və Əziz İsmayılovla Qoca Əhmədov mükafatçılar sırasında öz yerlərini alıblar. Qobustan Olimpiya-İdman Kompleksində 28 May – Respublika Gününə həsr olunmuş 2001-2003, 2004-2006-cı illər təvəllüdlü yeniyetmələr arasında keçirilən cüdo üzrə Qobustan rayon açıq birinciliyində isə Abbas Məmmədov ikinci, Cəfər Məmmədli üçüncü olub. 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş cüdo üzrə Şirvan şəhər açıq birinciliyində məktəbin üç yetirməsi – Elsevər Məmmədov (birinci yer), Abbas Məmmədov və Səfər Məmmədov (hər ikisi üçüncü yer) uğurlu çıxış ediblər.
Bundan başqa, İran İslam Respublikası Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində sərbəst güləş üzrə beynəlxalq turnirdə də idmançılarımız uğurlu nəticələr əldə ediblər. Belə ki, 11 komandanın iştirak etdiyi yarışda Naxçıvan Muxtar Respublikasının 16 yaşdan yuxarı olan güləşçilərinin komandası bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıblar. 16 yaşadək olan güləşçilərimiz isə ikinci yeri tutublar.
Müasir dövrümüzdə gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması mühüm əhəmiyyət kəsb edir. İdman və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi, bu sahəyə daha çox uşaq və gənclərin cəlb olunması nəticəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, həmçinin nazirliyin nəzdində fəaliyyət göstərən idman bölmələri, idarələri mütəmadi olaraq işlər görür, turnirlər, yarışlar təşkil edirlər. Bu da Naxçıvanı idman sahəsində təmsil edən perspektivli idmançıların və sağlam gənc nəslin yetişdirilməsində böyük rol oynayır.
Ceyhun MƏMMƏDOV