Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində yeniyetmə və gənclər (2000-2002, 2003-2005 və 2006-2007-ci illər) arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirib ki, bu yarışın təşkilində məqsəd məktəblilərin yay tətilində asudə vaxtlarının daha da səmərəli keçirilməsini təmin etmək və onlara sağlam həyat tərzi aşılamaqdan ibarətdir.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin birgə təşkil etdiyi yarışda 3 yaş qrupunda 50-yə yaxın idmançı iştirak edib. Üzgüçülüyün sərbəst üsulu üzrə 25 və 50 metr məsafədə keçirilən yarışın yekununa əsasən 2000-2002-ci illər təvəllüdlü idmançılar arasında Həsən Abbasov, 2003-2005-ci illər təvəllüdlü idmançılar arasında Əkbər Məmmədov və 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında isə Elvin Yusifli bütün rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıblar.
Sonda hər yaş qrupunda yer tutan və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları verilib.
Ceyhun MƏMMƏDOV