Azərbaycanda Türk Şurası Dövlətlərinin ilk peşəkarlararası kikboksinq turniri keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan kikboksçularının qarşılaşdığı turnirdə 7 çəki dərəcəsi üzrə yarımfinal və final döyüşləri baş tutub. WAKO-PRO versiyası üzrə K-1 üslubunda keçirilən döyüşlərdə Azərbaycan yığması ən yaxşı nəticəni göstərib. Belə ki, Azərbaycan komandası 6 qızıl medal qazanaraq kubokun sahibi olub.
İdman gecəsində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, Milli Məclisin deputatları, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri və Azərbaycan Kikboksinq Federasiyasının rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, turnirdə hər ölkədən yeddi idmançı olmaqla, 51, 60, 63, 67, 71, 81 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində yüksək ustalığa malik peşəkar kikboksçular mübarizə aparıblar.
Azərbaycan yığma komandasının heyətində yarışların finalına yüksələn altı idmançımızdan biri də Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirməsi Ruslan Musayev (67 kiloqram) olub. O, finalda qalib gələrək beynəlxalq turnirin baş mükafatını qazanıb. Onunla yanaşı, Anar Məmmədov (51 kiloqram), Zöhrab Əzimov (60 kiloqram), Turan Qafarov (63,5 kiloqram), Ramal Aslanov (71 kiloqram), Ehtiram Rzayev (81 kiloqram) öz çəki dərəcələrində beynəlxalq turnirin qalibi olublar.
Komanda hesabında millimiz birinci yerdə qərarlaşıb.
Ceyhun MƏMMƏDOV