Bakı şəhərində keçirilən atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının yetirmələri də mübarizə aparıblar. 3 gün davam edən birincilikdə atletlərimiz uğurlu çıxış edərək 12 müxtəlif əyarlı (4 qızıl, 6 gümüş, 2 bürünc) medal qazanıblar. Belə ki, oğlanların mübarizəsində 1500 metr məsafədə Cəbrayıl Yunisov birinci, 3000 metr məsafədə ikinci, 200 və 800 metr məsafələrdə Həsən Həsənli ikinci, 1500 metr məsafədə Əmrah Nağıyev ikinci, 3000 metr məsafədə birinci, bu məsafədə digər idmançımız Səfər Tağızadə üçüncü olub.
Qızların mübarizəsində də idmançılarımız finiş xəttini mükafatçılar sırasında başa vura biliblər. Gülayə Cəfərova, Sevgi Məmmədli, Xatun Oruclu, Duyğu Babayeva və Cəmilə Allahverdiyeva müvafiq olaraq 400, 1500, 3000, 100 və 4x100 metr məsafələrdə fəxri kürsüyə yüksəliblər.
4x100 metr estafet yarışında isə Naxçıvan komandası Azərbaycan birinciliyini ikinci sırada başa vurub.
Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Atletika Federasiyasının diplom və hədiyyələri təqdim edilib.
Ceyhun MƏMMƏDOV