Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində kişilər arasında voleybol üzrə muxtar respublika turniri keçirilir.
Turniri Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli açıq elan edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra qarşılaşmalara başlanılıb. Səkkiz komandanın iki yarımqrupda mübarizə apardığı turnirin ilk qarşılaşması Ordubad voleybolçuları və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası arasında olub. Bu görüşdə hər üç hissədə komandaların mövqeyi dəyişsə də, hesab Ordubad komandasının xeyrinə dəyişməyib. Asayiş keşikçiləri mübarizə meydanından 3:0 hesablı qələbə ilə ayrılıblar. Turnirin ikinci görüşündə Babək və Culfa komandaları qarşılaşıb. Qarşılaşma 3:2 hesabı ilə Culfa voleybolçularının xeyrinə başa çatıb. Sədərək və Şərur komandalarının qarşılaşmasında hər iki tərəf nümunəvi oyun nümayiş etdirib. İlk hissəni qalibiyyətlə başa vuran Sədərək voleybolçuları ikinci hissədə Şərur komandasının ciddi müqaviməti ilə üzləşiblər. Bu hissədə Şərur voleybolçuları hesabı bərabərləşdirə biliblər. Ancaq oyunun sonrakı gedişində Sədərək komandası nümunəvi oyun nümayiş etdirərək 3:1 hesabı ilə qalib gəlib. Həmin gün Şahbuz komandasının Ordubad voleybolçuları ilə qarşılaşmasının nəticəsi şahbuzlu azarkeşləri sevindirib. Bu görüş 3:0 hesabı ilə şahbuzluların xeyrinə başa çatıb. Şərur və Babək qarşılaşmasında Şərur voleybolçuları Sədərək komandasına məğlub olmanın əvəzini rəqib komandadan çıxıblar. Bu görüş 3:2 hesabı ilə Şərur voleybolçularının xeyrinə yekunlaşıb. DİN-in komandası ilə Kəngərli voleybolçularının görüşündə asayiş keşikçilərinin komandası rəqibini 3:0 hesabı ilə məğlub edib.
Dünən Culfa voleybolçularının Sədərək komandası ilə qarşılaşması 3:1 hesabı ilə sədərəklilərin xeyrinə yekunlaşıb. Həmin gün DİN-in komandası Şahbuz voleybolçuları ilə, Culfa idmançıları Şərur voleybolçuları ilə qarşılaşıblar.
Turnirin final qarşılaşmaları bu gün keçiriləcək.
Qeyd edək ki, turnirin hakimləri paytaxt Bakı şəhərindən dəvət olunmuş beynəlxalq dərəcəli hakimlərdir.
Səbuhi HÜSEYNOV