Muxtar respublikanın şəhər və rayonlarında bu gün hər sahədə olduğu kimi, idman sahəsində də müasir infrastruktur qurulur. Belə tədbirlərin davamı olaraq Şərur rayonunda Dəmirçi kənd stadionu istifadəyə verilib. Uzunluğu 105, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılıb. Bununla yanaşı, stadionun ərazisində 50 tamaşaçı tutumlu voleybol meydançası da inşa edilib və idman qurğuları quraşdırılıb. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Dahi şəxsiyyət cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin olunmasını vacib məsələlərdən biri kimi hər zaman diqqətdə saxlayıb. Muxtar respublikada da gənclərlə iş və idman sahəsində mühüm işlər görülüb. Belə ki, son 20 il ərzində burada idman infrastrukturunun yenidən qurulması, yeni idman obyektlərinin, olimpiya-idman komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb.
“Bu gün muxtar respublikanın şəhər və rayonları ilə yanaşı, kəndlərində də idmanın kütləviliyinin təmin olunmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, artıq kəndlərdə yeni idman obyektləri tikilir və yenidən qurularaq gənclərin ixtiyarına verilir. Bunlardan biri də Dəmirçi kənd stadionudur”, – deyən Azad Cabbarov qeyd edib ki, artıq stadionda oyunların keçirilməsi üçün hər bir şərait yaradılıb. Uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün stadionun ətrafında voleybol meydançası və idman qurğuları quraşdırılıb.
Yenidən təmir olunan stadionun açılış mərasimində çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov isə gəncləri bu münasibətlə təbrik edib və onlara uğurlar arzulayıb.
Sonra yeni istifadəyə verilən stadionda Aralıq və Dəmirçi kənd futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Görüş Aralıq komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ceyhun MƏMMƏDOV