22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərilən diqqət və qayğı idmanın bütün növləri kimi, boksun da inkişafında özünü göstərib. Bu qayğı idmançılarımızın yarışlara daha inamla, əzmlə qatılmasına böyük təkan verir. Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının səmərəli fəaliyyəti nəticəsində muxtar respublikada boks idman növü özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən boks üzrə muxtar respublika turnirinin yüksək səviyyədə təşkili də deyilənlərə sübut idi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov turniri açıq elan edib. Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs kollektivinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının çıxışları tədbir iştirakçılarında xoş ovqat yaradıb. 

Sonra qarşılaşmalar başlayıb. Seçmə mərhələsində 150-yə yaxın dəri əlcək ustasının mübarizə apardığı turnirin yarımfinalında 34-91 kiloqram çəki dərəcələrində 48 dəri əlcək ustası qələbə uğrunda mübarizə aparıb. Bu mərhələdə 34 kiloqram çəki dərəcəsində Naxçıvan şəhərinin təmsilçiləri Asif Vəliyev və Muxtar Fərzəliyev fərqləniblər. Yarımfinalda 38 kiloqramda Arzu Qasımov (Ordubad), Məhəmməd Novruzov (Culfa) rinqdə ən yaxşı olduqlarını sübuta yetiriblər. 46 kiloqramda Naxçıvan şəhərinin nümayəndələri Nihad Quliyev, Əhməd Cəfərov, 50 kiloqramda Məhəmmədəli Bağırov və İbrahim Cəfərzadə finala vəsiqə qazanıblar. 54 kiloqram çəkidə Şahbuz komandasının üzvü Sahib Xudiyev və Naxçıvan komandasının təmsilçisi Arif Bayramov mübarizəni davam etdirmək imkanı əldə ediblər. 60 kiloqram çəki dərəcəsində Sədərək boksçusu Ərzuman Tağıyev və Ordubad təmsilçisi Hüseyn Əşrəfli rinqdən qələbə ilə ayrılıblar. 64 kiloqramda Naxçıvan şəhərinin idmançısı Novruz Kərimov, ordubadlı dəri əlcək ustası Əfqan Məmmədov idmanın təkcə güc tətbiqindən ibarət olmadığını göstərmək üçün taktiki gedişlərdən istifadə edərək əsas qələbəyə doğru bir uğurlu addım daha atmağı bacarıblar.

69 kiloqramda Naxçıvan şəhərinin idmançıları Yuris Allahverdiyev və Sərvər Abdullayev rəqiblərini məğlub etməyə müvəffəq olublar. 75 kiloqramda Naxçıvan şəhərinin idmançıları Emin Ağayev və Muxtar Quliyev fərqləniblər. Muxtar Quli­yevin bu görüşdə rəqibi olan Zəfər Ağamalıyev adına layiq olan oyunu nümayiş etdirə bilməyib və bir neçə ağır zərbədən sonra məşqçisinin rinqə dəsmal atması ilə oyunu tərk etməli olub. 81 kiloqramda Naxçıvan şəhərinin idmançısı Elmar Qasımov və Şərur idmançısı Nail Məmmədov çevik və cəsarətli oyun nümayiş etdirərək qarşı tərəfi rinqdən uzaqlaşmağa məcbur ediblər. Turnirdə ən ağır çəkidə, 91 kiloqram çəki dərəcəsində isə Şərur idmançısı Rasim İsgəndərov və Sədərək boks məktəbinin yetirməsi Nurhal Əsgərli fərqləniblər.
Turnirin final görüşləri bu gün keçiriləcək.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR