Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları əməkdaşları arasında şahmat turniri keçirilib.
Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov dünya şöhrətli siyasi və dövlət xadimi, müdrik şəxsiyyət Heydər Əliyevin doğum gününün hər il ölkəmizdə və onun hüdudlarından kənarda böyük məhəbbətlə qeyd olunduğunu vurğulayıb. Bu münasibətlə təşkil olunan şahmat turnirinin ənənəvi xarakter aldığını deyən komitə sədri bu cür tədbirlərin dahi rəhbərə sevgi və ehtiramın ifadəsi olduğunu qeyd edərək idmançılara uğurlar arzulayıb.
İki gün davam edən turnirdə 12 idmançı qüvvəsini sınayıb. Oyunlar dairəvi sistem üzrə keçirilib. Turnir boyunca oyun qaydalarını Naxçıvan Şahmat Mərkəzinin əməkdaşları qoruyublar.
Turnir gərgin və maraqlı qarşılaşmalarla yadda qalıb. Əsas mükafatlara iddialı Ramin Muradov (Hava Nəqliyyatında Gömrük İdarəsi) bu dəfə də fərqlənməyi bacarıb. Bütün görüşlərdə şahın toxunulmazlığını təmin edən zəka sahibi yalnız bir görüşdə heç-heçəyə razı olub. İkinciliyin taleyinə isə Nəriman Abbasov (Culfa Gömrük İdarəsi) və Hüseyn İmanov (Sədərək Gömrük İdarəsi) duelində aydınlıq gəlib. Birinci öz aktivindəki xal ehtiyatını 9.5-ə çatdıraraq yarış cədvəlini ikinci pillədə başa vurub.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin diplom və mükafatları verilib.
* * *
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları əməkdaşları arasında idmanın güllə atıcılığı növü üzrə turnir keçirilib.
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Asəf Məmmədov muxtar respublikada atıcılıq idman növü ilə məşğul olmaq üçün yaradılan imkan və şəraitin hüquq-mühafizə orqanları əməkdaşlarının silahdan istifadə vərdişlərinin təkmilləşməsi üçün də əhəmiyyətli olduğunu deyib.
Ən sərrast atıcı 21 nəfər arasından seçilib. İdmançılar hərəyə üç mərmi atıblar. Ən yaxşı nəticəni Asif Əliyev (Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi) göstərərək turnirin qalibi olub. İkinci yerə Fərhad Hüseynəliyev (komitə), üçüncü yerə isə Vüsal Həsənov (Şahtaxtı Gömrük İdarəsi) çıxıb.
Qaliblərə diplom və mükafatlar verilib.
Rahil TAHİRLİ
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru