Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirədə Ali Məclisin Sədri demişdir: “Muxtar respublikanın özündə federasiyalararası yarışları canlandırmadan ölkə və beynəlxalq əhəmiyyətli yarışlara hazırlıq səviyyəsini artırmaq mümkün olmayacaqdır. Fəaliyyətin bu qaydada təşkili diqqətdə saxlanılmalı, peşəkar məşqçilərin dəvət edilərək muxtar respublikada seminar və məşğələlər keçirmələri bundan sonra da təmin olunmalı, onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır”.
Bütün bunları nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası bu idman növü üzrə Bakı şəhərindən peşəkar məşqçi dəvət etmiş, onun rəhbərliyi ilə Şərur Olimpiya İdman Kompleksində seminar təşkil olunmuşdur.
Seminarda Bakı Çoxmübarizəli İdman Federasiyası “Araz” idman klubunun rəhbəri, üçqat Avropa, ikiqat dünya çempionu Siyavuş Bayramov yeniyetmə və gənc idmançıların karate-do üzrə hazırlığını yoxlamış, tövsiyələrini vermişdir.
Seminarın keçirilməsinin əhəmiyyəti barədə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası Şərur rayon şöbəsinin Cəlilkənd üzrə məşqçi-müəllimi Elxan Nağıyevin fikirlərini öyrəndik. Onun dediklərindən:
– Seminarda rayonumuzun 150-dən çox idmançısı iştirak etmişdir. Onların 45-i mənim məşqçisi olduğum yeniyetmə və gənclər idi. Texniki seminardan çox şey öyrəndik. İdmançılarımızın taktika və texnikalarının artırılmasında, müxtəlif kəmər dərəcələrinin müəyyənləşdirilməsində, yeniyetmə və gənclərin karate-do idman növü üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsində seminarın çox böyük rolu oldu. Belə seminarların gələcəkdə də keçirilməsinə ehtiyac vardır.
Peşəkar məşqçi, Avropa və dünya çempionu Siyavuş Bayramovu da dinlədik:
– Naxçıvana ilk dəfədir ki, gəlirəm. Düzü, burada belə möhtəşəm Olimpiya İdman Kompleksini görəndə gözlərimə inanmadım. Belə bir şəraiti olan obyektdə məşq edən idmançılarımızın gələcəkdə uğurlu nəticələr göstərəcəyinə heç bir şübhə yoxdur. Elə seminar, məşq zamanı da mən bunu hiss etdim. Məşqçilərin fəaliyyətindən yetərincə razı qaldım. Şübhəsiz ki, tezliklə onların yetirmələrinin səs-sorağı Avropa və dünya birinciliklərindən gələcək, onlar muxtar respublikanın idman şərəfini ləyaqətlə qoruyacaqlar. Çünki rayonda karate-do idman növü üzrə perspektivli idmançılar çoxdur.
Xəbərlər şöbəsi