Culfa şəhərinin mərkəzi futbol meydançasının idman bazasında rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında yaz çağırışına həsr edilmiş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyünün rayon mərhələsinə yekun vurulub.
Bu mərhələdə 18 komanda mübarizə aparıb. Yarış əsasnaməyə uyğun olaraq 5 növ üzrə keçirilib. Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümüd Həsənli, Təhsil Şöbəsinin əməkdaşı Səbuhi İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Culfa rayon şöbəsinin zabiti, baş leytenant Nurlan Məhərrəmov çıxış edərək yeniyetmə və gənclərə göstərilən dövlət qayğısından, idman sahəsində əldə olunan nailiyyətlərdən danışıblar. Çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlər və keçirilən tədbirlər haqqında söhbət açıblar.
Yarışda Xanəgah kənd tam orta məktəbinin komandası bütün rəqiblərinə qalib gələrək rayon mərhələsini ilk pillədə başa vurub. Bənəniyar kənd tam orta məktəbinin komandası ikinci, Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Analoji tədbir Ordubad şəhərindəki “Gənclik” stadionunda da keçirilib. Birincilikdə 20 məktəbdən 100 şagird iştirak edib. Maraqlı və gərgin keçən mübarizə nəticəsində Xanağa kənd tam orta məktəbinin komandası qalib adını qazanıb. Digər iki pillənin sahibləri isə Sabirkənd tam orta məktəbi və Dəstə kənd 1 nömrəli tam orta məktəbin komandaları olublar.
Qaliblər diplom və kuboklarla mükafatlandırılıblar.
Ceyhun Məmmədov