22 Dekabr 2024, Bazar

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə keçirilən zona birinciliyinə yekun vurulub.
“Şahin” hərbi-idman oyunu üç mərhələ üzrə keçirilib: məktəb­daxili seçmə mərhələsi, rayon (şəhər) birincilikləri və zona birinciliyi. İlk iki mərhələdə qalib gələn komandalar zona birinciliyində iştirak ediblər.
Əvvəlcə Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev, Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik Zaur Həmidov, Təhsil Nazirliyinin şöbə müdiri Rüstəm Həsənli, Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi, kapitan Rəcəb Səfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi mayor Vüsal Əliyev çıxış edərək oyunun keçirilməsində məqsədin məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərilməsindən ibarət olduğunu vurğulayıblar. Çıxış edənlər iştirakçılara uğurlar arzulayıblar.

Əsasnaməyə uyğun olaraq keçirilən yarışda məktəblilər 10 normativ yerinə yetiriblər. Hərbi-idman oyununda komandalar sıra hazırlığı, avtomat darağının doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açılması, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə qüvvələrini sınayıblar.
Yarışın nəticəsinə əsasən və hakimlər heyətinin qərarı ilə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. Digər iki pillədə isə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin və Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin komandaları qərarlaşıblar.
Qalib komandalara təşkilatçıların fəxri fərman, diplom və kubokları təqdim olunub.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR