Muxtar respublikanın Babək rayonunda ümumtəhsil məktəblərinin komandaları arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə keçirilən birinciliyə yekun vurulub.
Babək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 12 komandadan 60 idmançı iştirak edib. Yarışlar 100 metr məsafəyə qaçış, 2 min metr məsafəyə kross qaçışı, qumbara atmaq və turnikdə dartınmaq üzrə aparılıb.
Birinciliyin yekun nəticələrinə əsasən, I yerə Payız, II yerə Nəhəcir kənd tam orta məktəblərinin komandaları, III yerə isə Cəhri kənd 1 nömrəli tam orta məktəbin komandası layiq görülüb.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.
Xəbərlər şöbəsi