Şərur Olimpiya-İdman Kompleksinin stadionunda aşağı yaş liqalarının və məktəbli kubokunun muxtar respublika zona birinciliyinə yekun vurulub.
AFFA-nın bayrağı altında keçirilən və aprelin 1-dən start götürən U-10, U-11, U-12, U-13 və U-14 liqalarının zona birinciliyində hər 5 yaş qrupunda Naxçıvan şəhərini və muxtar respublikanın 7 rayonunu təmsil edən 8 komanda ilə yanaşı, DİN-in “Darıdağ” klubunun komandaları da mübarizə aparıb. Müvafiq olaraq “Şərur”, “Kəngərli”, “Darıdağ”, U-13 və U-14 liqada isə “Naxçıvan” komandası birinci olub. Aprelin 3-dən start götürən “Coca-Cola Məktəbli Kuboku”nun zona birinciliyində isə Şərur rayon Yengicə kənd tam orta məktəbinin 7-ci sinif şagirdləri həmyaşıdlarını qabaqlayaraq turnirin qalibi olublar.
Qeyd edək ki, hər 5 yaş qrupu üzrə keçirilən liqaların və məktəbli kubokunun zona birinciliyinin qalibləri aprelin ikinci yarısında Bakıda keçiriləcək ölkə birinciliyinin final mərhələsində muxtar respublikanı təmsil edəcəklər.
Xəbərlər şöbəsi