İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər (1993-1995-ci il təvəllüdlü) arasında keçiriləcək beynəlxalq turnirin iştirakçıları mayın 3-də muxtar respublikaya gəliblər.
Dünən İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində turnirə hazırlıq məqsədilə texniki konfrans və hakimlərin seminarı keçirilib. Texniki konfransda komandaların yarışacağı qruplar bəlli olub, hakimlərin seminarında isə yarışlara nəzarət edəcək hakimlər müəyyənləşdirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində idmançıların çəkiləri dəqiqləşdirilib.
Sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzində, “Əcəmi Seyrəngahı”nda olublar.
Məlumat üçün bildirək ki, beynəlxalq turnirdə 8 çəki dərəcəsində idmançılar qələbə uğrunda mübarizə aparacaq. Turnirdə 6 ölkədən 8 komanda “A”, “B” qrupları üzrə yarışacaq. “A” qrupunda Azərbaycan, Şərur, Özbəkistan, Rusiya komandaları,“B” qrupunda isə Naxçıvan, Ukrayna, Gürcüstan, Türkiyə komandalarından olmaqla, 100-ə yaxın idmançı yarışlara qatılacaq.
Xəbərlər şöbəsi