Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının yüksək liqasında final mərhələsinin daha iki görüşü keçirilib.
Günün ilk görüşündə “Neftçi” və “Lokomotiv” komandaları üz-üzə gəldilər. Bu görüş həm rəqabət, həm də prinsipiallıq baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Bunu nəzərə alan voleybolçular meydanda əsl mübarizənin nümunəsini göstərdilər.
Görüşün ilk setini 25:19 hesabı ilə başa vuran “Lokomotiv” ikinci setdə məğlubiyyətlə üzləşdi – 21:25. Qələbədən ruhlanan “Neftçi” üçüncü setə də iddialı başladı. Bunun nəticəsi kimi hesabda onlar rəqibini 5 top fərqi ilə geridə qoydular. Lakin sonadək mübarizə aparan “Lokomotiv” setin gedişatını dəyişdirdi və 26:24 hesabı ilə bu seti də qələbə ilə başa vurdu. Növbəti setdə də qalib gələn (25:20) “Lokomotiv” çempionatın bitməsinə bir tur qalmış qızıl medalları əldə etdi. Xal hesabını 15-ə, izləyicisi və əsas rəqibi ilə fərqi 6-ya çatdıran “Lokomotiv” komandası bununla da çempion tituluna yiyələndi.
Günün ikinci matçında “Naxçıvan” və “MOİK” komandaları üz-üzə gəldilər. Böyük əhəmiyyətə malik olan qarşılaşmada ilk set komandamızın xeyrinə başa çatdı – 25:23. İkinci setdə 19:25 hesabı ilə məğlub olan “Naxçıvan” komandası, üçüncü setdə 25:22 hesablı qələbəyə sevindi. Növbəti set isə “MOİK”in xeyrinə (25:18) başa çatdı. Sonuncu, beşinci setdə də qalibiyyəti bayram edən “MOİK” meydanı 3:2 hesablı qələbə ilə tərk etdi.
Qeyd edək ki, bu gün final mərhələsinin sonuncu görüşləri keçiriləcək. “Lokomotiv” “MOİK”lə, “Neftçi” isə “Naxçıvan” komandası ilə üz-üzə gələcək.
Ceyhun Məmmədov