Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının yüksək liqasında final mərhələsinin oyunlarına start verilib.
Bu mərhələdə çempionatın turnir cədvəlində ilk 4 pillənin sahibləri – “Neftçi”, “Lokomotiv”, MOİK və “Naxçıvan” komandaları mübarizə aparırlar. Üç gün davam edəcək final mərhələsinin oyunları reqlamentə əsasən dairəvi sistem üzrə keçiriləcək. Martın 30-da isə 2016-2017-ci illər mövsümünün çempion komandasının adı məlum olacaq.
Dünən final mərhələsinin ilk oyunları keçirilib. Oyunlardan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Meydana ilk olaraq “Neftçi” və MOİK komandaları çıxıb. Pley-off mərhələsində heyətinə “əl gəzdirən” MOİK komandası yenə məğlubiyyətdən yaxa qurtara bilməyib. Daha üstün oyun nümayiş etdirən “Neftçi” hər üç setdə 25:20, 25:21 və 25:12 hesabı ilə qalib gələrək bu mərhələdə ilk qələbəsini qazanıb.
Aleksandr Çornının rəhbərlik etdiyi “Naxçıvan” komandası pley-off-un ilk oyununda “Lokomotiv” komandası ilə üz-üzə gəlib. İlk setdə rəqibinə məğlub olan komandamız (25:12) ikinci setdə də eyni aqibətlə üzləşib – 25:22. Son setdə daha üstün oyun sərgiləyən “Lokomotiv” meydanı 3:0 hesablı qələbə ilə tərk edib.
Qeyd edək ki, final mərhələsində bu gün daha iki oyun keçiriləcək. Saat 1500-da “Neftçi” “Lokomotiv”lə, 1730-da isə “Naxçıvan” MOİK-lə qarşılaşacaq.
Ceyhun Məmmədov