Ölkəmizdə ənənəvi keçirilən boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub. 9-cu dəfə təşkil olunan yarışda əvvəlki illərdən fərqli olaraq qadın komandaları da mübarizə aparıblar.
Üç gün davam edən turnirdə kişilərdən ibarət Azərbaycan milli komandası ilə yanaşı, Rusiya və İran komandaları tam heyətlə iştirak ediblər. Bununla birlikdə Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qətər seçmələri də turnirdə təmsil olunublar.
Qadınların mübarizəsinə gəlincə, Azərbaycan yığması ilə bərabər Türkiyə, Ukrayna və Belarus boksçuları da çempionluq uğrunda mübarizə aparıblar. Ümumilikdə, 100-ə yaxın boksçunun iştirak etdiyi turnirdə Naxçıvan boksçuları – Sərxan və Tayfur Əliyev qardaşları da millimizin heyətində rinqə çıxıblar.
Azərbaycan millisini 60 kiloqram çəki dərəcəsində təmsil edən Sərxan Əliyev mübarizəyə 1/4 final mərhələsindən qoşulub. Həmyerlimiz ilk olaraq qazaxıstanlı Serik Temurcanovu mübarizədən kənarlaşdırıb. Finala gedən yolda dəri əlcək sahibimiz daha bir Qazaxıstan boksçusu Mirzobek Boladavu da məğlub edib. Həlledici qarşılaşmada rusiyalı Vladimir Nikitinlə görüşü qələbə ilə başa vuran Sərxan Əliyev turnirin qalibi olub.
56 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Tayfur Əliyev də ölkəmizə qızıl medal qazandırıb. Mübarizəyə birbaşa yarımfinaldan qoşulan Tayfur bu mərhələdə milli komandanın digər üzvü Malik Həsənovu üstələyib. Final görüşündə boksçumuzun rəqibi qazaxıstanlı Bekcan Kuralov olub. Rinqi qələbə ilə tərk edən Tayfur Əliyev 2015-ci ildə olduğu kimi yenə “Böyük İpək Yolu” turnirinin qalibi olub.
Sonda qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələr təqdim edilib.
Ceyhun Məmmədov