Naxçıvan şəhərindəki “N” hərbi hissədə Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyunu keçirilib. Yarışda 17 tam orta məktəbin komandası mübarizə aparıb.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi, kapitan Rəcəb Səfərov və digərləri hərbi-vətənpərvərlik tərbiyəsi haqqında danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Hərbi-idman oyununda komandalar sıra hazırlığı, patronun darağa doldurulması və boşaldılması, avtomat silahın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəşaçma, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə qüvvələrini sınayıblar.
Yekun nəticələrə əsasən, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək I yerə, 2 nömrəli tam orta məktəbin komandası II yerə, 3 və 1 nömrəli tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülüblər.
Sonda qalib komandalar təşkilatçıların diplom, fəxri fərman və kubokları ilə mükafatlandırılıblar.
Qeyd edək ki, I və II yerlərin qalibləri olan 15 və 2 nömrəli tam orta məktəblərin komandaları aprel ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcəklər.
Ceyhun Məmmədov