Bu il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar Naxçıvan Dövlət Universitetində bədii gimnastika bölməsi fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərəcək bölməyə Azərbaycan Respublikasının idman ustası Humay Qafarova rəhbərlik edəcək.
Universitetin idman zalında olan məşğələlər hər həftənin I, III, V günləri keçiriləcək.
Dünən “Naxçıvan” Universitetinin idman zalında da bədii gimnastika məşqlərinə başlanılıb. Məşqdən öncə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirib ki, bu gün muxtar respublikanın şəhər və rayonlarında idmanın inkişafı üçün hər bir şərait yaradılıb. Ali və orta ixtisas təhsili müəssisələrində idman dərslərinə diqqət yetirilir. Elit idman növü kimi ad qazanan bədii gimnastikaya Naxçıvanda böyük maraq göstərilir. Hazırda muxtar respublikada bu idman növü ilə yüzlərlə uşaq məşğul olur. Ali təhsil ocaqlarımızda qızların bədii gimnastika məşqlərinə başlanılıb.
Sonra məşq prosesinə start verilib.
Həftənin ikinci və dördüncü günləri keçiriləcək məşqlərə Humay Qafarova rəhbərlik edəcək.
Ceyhun Məmmədov