5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində yeniyetmə və gənclər arasında kikboksinq üzrə açıq birincilik keçirilib.
Açıq birincilik Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə, o cümlədən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
Sonra Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək yarış iştirakçılarına yarışın qaydaları haqqında məlumat verib və idmançılara uğurlar arzulayıb.
10 çəki dərəcəsində 80-ə yaxın idmançının iştirak etdiyi yarışda Uğur Əliyev, Şəmsəddin Əliyev, Raiq Rəcəbli, Səhəd Əsədov, İsmayıl Yaqubov, Elgün Baxışov, Həsən Kərimli, Fərman Rzayev, Pünhan Əliyev və Həsən Həsənov müvafiq olaraq 27, 33, 36, 42, 45, 48, 54, 57, 60 və 67 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.
Hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının medal və hədiyyələri, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin isə diplomları təqdim edilib.
Ceyhun Məmmədov