Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasında keçirilən tədbiri federasiyanın sədri Rövşən Məmmədov açaraq bildirib ki, bu gün ölkəmizdə, eləcə də muxtar diyarımızda idmanın inkişafına xüsusi diqqət yetirilir. Bununla bağlı idman yarışları təşkil edilir, gənclərin idmanın istənilən sahəsi ilə məşğul olmaları üçün müvafiq şərait yaradılır. Muxtar respublikamızda fəaliyyət göstərən idman federasiyaları dövlətin gənc idmançılar üçün yaratdığı əlverişli şəraitdən lazımınca istifadə edir və nəticədə, idman sahəsində uğurlarımız ildən-ilə artır.
Bildirilib ki, hazırda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının nəzdində 2 klub və 7 rayon bölməsində fəaliyyət göstərən 64 qrupda 682 idmançı məşqlərdə iştirak edir. Bunlardan 280-i qız, 402-si isə oğlanlardır.
Federasiyanın sədr müavini İntiqam Rəhimov bu il fevralın 16-18-də keçirilən Azərbaycan birinciliyi barədə məlumat verib. Qeyd olunub ki, Bakı şəhərində keçirilən yüngül atletika üzrə 2000-2001-ci illər təvəllüdlü oğlan və qızlar arasında Azərbaycan birinciliyində Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 12 nəfər yeniyetmədən və 3 məşqçi-müəllimdən ibarət yığma komandasının üzvləri 60-200, 400-800, 1500-3000 və 4x200 metr estafet yarışında öz qüvvələrini sınayıblar. Qızlardan ibarət komandanın üzvləri istər fərdi, istərsə də komanda yarışında yüksək nəticə göstərərək uğur qazanıblar.
Yüngül Atletika Federasiyası “Rabitəçi” klubunun idmançısı Telli Abbasova gənc idmançılar üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov bu il yanvar ayının 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə Ali Məclis Sədrinin idman federasiyalarının muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idmanın kütləviliyinin artırılması sahəsində fəaliyyətlərini gücləndirmələri ilə bağlı verdiyi tapşırıqların layiqincə yerinə yetiriləcəyini bildirib.
Sonda Azərbaycan birinciliyində yer tutmuş idmançılara Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının Fəxri Fərmanı və qiymətli hədiyyələri, yarışda iştirak edən digər idmançılara isə həvəsləndirici hədiyyələr təqdim olunub.
Ceyhun Məmmədov