Şərur rayonunda fəaliyyət göstərən Atıcılıq Klubunda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə tir atıcılığı üzrə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən muxtar respublika açıq birinciliyinə yekun vurulub. Birincilikdə 20 idmançı mübarizə aparıb.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Atıcılıq Federasiyasının sədr müavini Fərhad Əliyev çıxış edərək tədbirin məqsədi haqqında məlumat veriblər, iştirakçılara uğurlar arzulayıblar. Sonra yarışa start verilib.
Yekun nəticəyə əsasən, qalib adını Bəhruz Əsədli qazanıb. Digər iki pillədə isə Vüsal Əsədov və Nərmin Nadirova qərarlaşıblar.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları təqdim olunub.
Ceyhun Məmmədov