Muxtar respublika gömrük orqanları arasında futzal turniri keçirilib. Yarış Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illik yubileyinə həsr olunub. Ənənəvi turnirdə 7 komanda iki yarımqrupda mübarizə aparıb. Yarışa Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksi ev sahibliyi edib.
Yarımqruplarda keçirilən oyunlardan sonra ilk iki pillədə qərarlaşan komandalar növbəti mərhələyə adlayıblar. Yarımfinal qarşılaşmalarında “Şahtaxtı Gömrük İdarəsi” “Mühafizə xidməti”ni, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi ilə Naxçıvanterminalkompleks Birliyinin birləşmiş komandası isə “Naxçıvan Şəhər Gömrük İdarəsi”ni məğlub edərək həlledici oyuna vəsiqəni təmin ediblər.
Final qarşılaşmasından öncə keçirilmiş üçüncülük uğrunda oyunda Mühafizə Xidmətinin futzalçıları seviniblər: 5:2.
Final matçı gərginliyi ilə yadda qalıb. Qarşılaşmanın ilk dəqiqələrində əlverişli qol imkanlarını boşa verən “Şahtaxtı Gömrük İdarəsi” ilk hissədə qapısından 2 top buraxıb. Fasilədən sonra da oyunun ssenarisi dəyişməyib. Final qarşılaşması “Terminal”ın 6:2 hesablı qələbəsi ilə başa çatıb. Çempion komandanın heyətində məhsuldar oyunu ilə seçilən Rövşən İsrafil yarış ərzində vurduğu qolların sayını 21-ə çatdıraraq turnirin ən sərrast oyunçusu olub.
Komandaların mükafatlandırılması mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli ölkəmizdə, o cümlədən muxtar respublikamızda idmanın inkişafına və kütləviliyinin artırılmasına göstərilən yüksək dövlət qayğısından danışıb. Gömrükçülər arasında idmanı təbliğ etmək, onların fiziki sağlamlığının qayğısına qalmaq məqsədilə keçirilən yarışların ənənəvi xarakter aldığını qeyd edən komitə sədrinin müavini idmanın gömrük əməkdaşları arasında qarşılıqlı münasibətlərin inkişafına müsbət təsir göstərdiyini, onlarda qələbəyə inam, mübarizlik hisslərini artırdığını önə çəkib.
Sonra komandaların və turnirdə fərqlənən idmançıların mükafatlandırılması mərasimi olub. Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi ilə Naxçıvanterminalkompleks Birliyinin birləşmiş komandası turnirin keçici kuboku ilə yanaşı, kubok, diplom və medallarla təltif olunub. Turnirin “Ən yaxşı qapıçı”sı, “Ən yaxşı müdafiəçi”si, “Ən məhsuldar oyunçu”su, o cümlədən oyunları idarə edən hakimlər də mükafatlandırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidməti