23 Dekabr 2024, Bazar ertəsi


Ümummilli lider Heydər Əliyevin siyasi kursunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi, idmanın inkişafında da uğurlar əldə olunub, ölkənin bütün regionlarında komanda idman növləri üzrə bölmələrin açılması və inkişaf etdirilməsi prosesi başlanıb. Əsas məqsəd isə milli yığma komandalara ehtiyat qüvvələrin hazırlanması, beynəlxalq yarışlarda ölkə bayrağını dalğa­landırmaq, peşəkar idmançılar yetişdirməkdir. Bu gün qazanılan uğurlar  idman sahəsində həyata keçirilən tədbirlərə əyani sübutdur.

Bu gün Naxçıvan Muxtar Respublikasında da idman kütləvi hal alıb. Son 21 ildə muxtar respublikada idmanın inkişafı istiqamətində əsaslı işlər görülüb, idman kompleksləri tikilib, yeni idman zalları gənclərin ixtiyarına verilib. Bununla yanaşı, Naxçıvanda idman federasiyaları yaradılıb ki, onların regionda inkişafına böyük diqqət göstərilir. Belə federasiyalardan biri də Basketbol Federasiyasıdır. Federasiya yarandığı gündən bu idman növünün təbliği, təşviqi və gənclər arasında tanıdılması üçün mütəmadi işlər görür. Ümumiyyətlə, dünya praktikasında basketbolun təlim-məşq prosesi, əsasən, ümumtəhsil məktəblərinin, texnikumların, peşə liseylərinin idman zalları və meydançalarında keçirilir ki, bu da kütləviliyin artmasına, məktəblilərin asudə vaxtlarından səmərəli istifadə olunmasına və bacarıqlı idmançıların seçilməsinə köməklik edir.

Ötən ili Basketbol Federasiyası üçün uğurlu hesab etmək olar. Federasiyanın sədr müavini Ənvər Məmmədov bizimlə söhbətində ilk olaraq “Gənclər bu idman növünə niyə maraq göstərirlər?” sualına aydınlıq gətirdi: “Basketbol çox mürəkkəb oyundur. Bu oyunda həm zəka, həm də fiziki hazırlıq eyni dərəcədə vacibdir. Onunla məşğul olan şəxs hərtərəfli inkişaf edir. Üstəlik, bu idman növü ilə məşğul olanda boyun artması, qədd-qamətin düzəlməsi daha da tezləşir. Hətta aparılan araşdırmalar göstərib ki, basketbol insan orqanizmində qan dövranının sürətli hərəkətini bərpa edir, gənclərin sağlam ruhda böyüməsinə, sağlam tərbiyə olunmasına, həmçinin kollektiv arasında dostluq münasibətlərinin qurulmasına şərait yaradır”.
Federasiyanın sədr müavini vurğuladı ki, ümumiyyətlə, güclü idmançıların ərsəyə gəlməsi üçün, ilk növbədə, basketbolun inkişafını stimullaşdıran lazımi şəraitin yaradılması və bu işə təcrübəli məşqçilərin cəlb edilməsi vacibdir. Bunun üçün də muxtar respublikada bu sahədə bütün işlər görülüb. O, görülən işlər barədə məlumat verərək dedi: “İlham Əliyev adına Olimpiya-İdman Kompleksində istedadlı yeniyetmələr üçün bölməmiz fəaliyyət göstərir. Burada basketbola maraq göstərən istedadlı gənclər arasında seçimlər aparılır. Hazırda federasiyamızın Naxçıvan şəhərində 3, hər bir rayonda isə 1 bölməsi olmaqla, 10 bölməsi fəaliyyət göstərir. Eyni zamanda Ordubad şəhərində və Culfa rayonunun Yaycı kəndində qızlardan ibarət komandalarımız da var. Qeyd olunan qruplarda məşqlər aparmaq, uğurlu nəticələr əldə etmək məqsədilə rayon və şəhər komandalarına məşqçi-müəllimlər təyin edilib, məşqçi-müəllimlər və idmançılar idman ayaqqabısı, geyimi və basketbol topu ilə təmin ediliblər. Fəaliyyət göstərən bölmə­lərimizdə 200-dən çox idmançı basketbolla məşğul olur”.
Federasiya işini daha peşəkar qurmaq, bu növü təbliğ etmək üçün seminarlar da təşkil edir. Ənvər Məmmədov bildirdi ki, bu işin daha uğurlu olması üçün ölkənin tanınmış məşqçi-müəllimləri federasiyaya cəlb edilir. Nəticədə, keçdiyimiz təlim-məşq prosesində xeyli canlanma və irəliləyişlər nəzərə çarpır. Bununla yanaşı, federasiya Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər planına uyğun olaraq yarışlar, turnirlər təşkil edir. Artıq iki qurumun birgə təşkil etdiyi basketbol üzrə muxtar respublika çempionatının yüksək və I dəstəsində ikinci dövrəyə start verilib. Həmçinin yoldaşlıq görüşlərinin təşkili istiqamətində atdığımız addımlar gəncləri bu növə daha çox cəlb edir. Bunun nəticəsidir ki, federasiyamız nazirliklə birgə 2016-cı ildə 56 tədbir keçirib.
“İndi bəzi gənclərin idmanla məşğul olmaması heç də başa düşülən deyil. Çünki muxtar respublikada təkcə basketbol yox, digər idman növləri ilə məşğul olmaq üçün hər bir yeniyetmə və gəncə şərait yaradılıb”, – deyən federasiyanın sədr müavini bildirdi ki, istər biz federasiya rəsmiləri, istər məşqçi-müəllimlər, istərsə də idmançılar bundan yararlanmağı bacarmalıyıq.
Bu gün idman muxtar respublikada ən öndə gedən sahələrdən biridir. Təbii ki, bunun səbəbi yaradılan şəraitdir. İnanırıq ki, yaradılan şəraitin nəticəsində Basketbol Federasiyası idmançılarının böyük əksəriyyəti yüksək dəstələrdə mübarizə aparan komandalara, milli yığma komandalarına cəlb olunacaq və muxtar respublikamızın idman şərəfini qoruyacaq, idman ənənələrini layiqincə davam etdirəcəklər.


Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR