Məktəblərdə şahmat fənnini tədris edən müəllimlər üçün seminar-məşğələ keçirilib.
Naxçıvan Şahmat Mərkəzində keçirilən seminar Bakı şəhərindən dəvət olunmuş beynəlxalq dərəcəli qrossmeyster Azər Mirzəyev tərəfindən aparılıb. Azər Mirzəyev şahmatın yaranma tarixi, bu idman növünün ölkəmizdəki inkişafı və uşaqlar arasında təbliği yönündə görülən işlər barədə məlumat verib. Bununla yanaşı, beynəlxalq dərəcəli qrossmeyster şahmat taxtasında məşğələ iştirakçılarına oyunun sirlərini öyrədib. Şahmat Federasiyasından aldığımız məlumata görə, seminar-məşğələlər 7 gün davam edəcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə Şahmat Federasiyasının birgə təşkil etdiyi seminar yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə verilmiş tapşırıqlara əsasən reallaşıb.
Ceyhun Məmmədov