Əlahiddə Ümumqoşun Ordusunda hərbi qulluqçular arasında keçirilən daşqaldırma üzrə birinciliyin qalibləri mükafatlandırılıb.
Yarış başlanmazdan əvvəl Əlahiddə Ümumqoşun Ordusunun fiziki hazırlıq və idman rəisi, mayor Vahid Məmmədov yarışın qaydaları haqqında iştirakçılara məlumat verib.
Sonra birinciliyə start verilib.
“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında 6 çəki dərəcəsində təşkil olunan birincilikdə 100-ə yaxın hərbi qulluqçu iştirak edib.
Qaliblər həm komanda, həm də fərdi hesabda müəyyənləşib. Belə ki, 60 kiloqram çəki dərəcəsində əsgər Ədalət Vəliyev, 65 kiloqram çəki dərəcəsində gizir Rəşad Salahlı, 70 kiloqram çəki dərəcəsində əsgər Həsən Hüseynzadə, 80 kiloqram çəki dərəcəsində kapitan Elimdar Eminov, 90 kiloqram çəki dərəcəsində leytenant Üzeyir Novruzov və 90 kiloqramdan yuxarı çəki dərəcəsində kapitan Orxan Məlikov birinciliyin qalibi olublar.
İlk üçlüyə düşməyi bacaran qalib komandalara diplom və kubok, fərdi hesabda qalib gələn hərbi qulluqçulara isə fəxri fərmanlar təqdim olunub.
Ceyhun Məmmədov