Azərbaycanda ilk dəfə keçirilən festivalın dünən açılış mərasimi olub
Dünən Şərur Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ölkəmizdə ilk dəfə keçirilən Paralimpiya İdman Festivalının açılış mərasimi olub. Tədbirdən əvvəl festival iştirakçıları ümummilli liderimizin Naxçıvan şəhərindəki abidəsi önünə gül-çiçək dəstələri düzüb, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Festival münasibətilə bütün iştirakçıları təbrik edən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Cavid Səfərov bildirib ki, ölkəmizdə paralimpiya hərəkatının əsasının qoyulması və inkişafı ümummilli lider Heydər Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir. 17 il bundan əvvəl Azərbaycan Milli Paralimpiya Komitəsinin yaradılması sağlamlıq imkanları məhdud idmançılarımızın beynəlxalq paralimpiya hərəkatına qoşulmalarına zəmin yaradıb. İdmançılarımızın sonuncu Yay Paralimpiya Oyunlarında qazandıqları uğurlar bu sahəyə göstərilən davamlı dövlət qayğısının və idmançılarımızın yüksək qələbə əzminin nəticəsidir. Bu gün muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyası, onların sağlamlıqlarının möhkəmləndirilməsi sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olanlar arasında idmanın kütləviliyinə nail olmaq məqsədilə 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası yaradılıb. Federasiya məhdud fiziki imkanlıların idman həyatına daha fəal inteqrasiyası, bu kateqoriyadan olan idmançıların mövcud idman qurğularından daha səmərəli istifadə etməsi məqsədilə müvafiq qurumlarla birgə tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında qeyd edib ki, Olimpiya və Paralimpiya oyunları dünyanın nəinki ən mötəbər idman yarışıdır, bəlkə də, dünyanın diqqətini cəlb edən birinci dərəcəli tədbirdir. Azərbaycan paralimpiyaçıları ilk dəfə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 1996-cı ildə Atlanta Yay Paralimpiya Oyunlarına yola düşüblər. Ulu öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini yüksəldib, onlarda nikbin əhval-ruhiyyə yaradıb və nəticədə, Paralimpiya Oyunlarında qələbələrimizin əsası qoyulub. Növbəti dəfə komandamız 2000-ci ildə Sidney Yay Paralimpiya Oyunlarında 3 növdə 7 idmançı ilə təmsil olunaraq bir qızıl və bir gümüş medal qazanıb. Gənclər və idman naziri bildirib ki, muxtar respublika paralimpiyaçıları üçün ən böyük uğur 2012-ci ildə keçirilən XIV LondonYay Paralimpiya Oyunlarında qazanılıb. Belə ki, paralimpiyaçımız Hüseyn Həsənov bu mötəbər idman yarışından bürünc medalla qayıdıb. Muxtar respublikada paralimpiya idman növünə göstərilən dövlət qayğısı onu deməyə əsas verir ki, belə nailiyyətlərin sayı gələcəkdə daha çox olacaq.
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov çıxış edərək deyib ki, ölkədə idmanın inkişafı, həmçinin paralimpiyaçıların öz potensiallarını ortaya qoyması üçün bu yöndə qəbul olunan Dövlət Proqramı, verilən sərəncamlar ulu öndərin paralimpiyaçılara qayğısının bariz nümunəsidir. Dahi rəhbər Heydər Əliyevin imzaladığı sərəncamlar, “Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası üzrə 1999-2002-ci illər üçün xüsusi Dövlət Proqramı” məhdud fiziki imkanlı insanların cəmiyyətə inteqrasiyasında müstəsna rol oynayıb. O da qeyd edilməlidir ki, paralimpiyaçıların nüfuzlu idman yarışlarına və olimpiadalara hazırlaşması üçün idman qurğularının inşası ulu öndər Heydər Əliyev tərəfindən prioritet məsələ kimi qarşıya qoyulmuşdu.
İkiqat paralimpiya çempionu, Heydər Əliyev Fondunun “Qızıl çinar” mükafatçısı, “Şöhrət” ordenli idmançı İlham Zəkiyev çıxışında yarış iştirakçılarına uğurlar arzulayıb. O deyib ki, paralimpiyaçılarımız ölkə başçısının qayğısını daim üz üzərlərində hiss edirlər. Qələbə qazanmış paralimpiyaçılarımız, məşqçilərimiz ulu öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Paralimpiyaçılarımızın maddi rifahı yaxşılaşdırılır, idmançılarımız mənzil və minik avtomobilləri ilə təmin edilirlər. Bu da hər bir paralimpiyaçını yeni qələbələr qazanmağa ruhlandırır.
Tədbirin bədii hissəsində bir-birindən maraqlı mahnılar, rəqslər ifa olunub. Paralimpiyaçıların müxtəlif idman növlərində nümunəvi çıxışları alqışlarla qarşılanıb.
Məlumat üçün bildirək ki, bu gün cüdo, voleybol, ağırlıqqaldırma, yüngül atletika, oxatma, qılıncoynatma, stolüstü tennis və digər idman növləri üzrə keçirilən yarışlarda Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının 30 idmançısı qələbə uğrunda mübarizə aparacaq.
Səbuhi HÜSEYNOV