23 Dekabr 2024, Bazar ertəsi

Uşaq və yeniyetmələrin fiziki tərbiyəsində, onların ayrı-ayrı idman növlərinin sirlərinə dərindən yiyələnməsində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman bölmələrinin rolu böyükdür. Ayrı-ayrı idman növləri üzrə gözəçarpan nailiyyətlər əldə edən idmançılarımızın əksəriyyəti məhz həmin idman bölmələrində yetişiblər. Bu gün inamla demək olar ki, muxtar respublikanın şəhər və rayonlarında uşaq və yeniyetmələrin idmanla məşğul olmaları üçün baza, infrastruktur yaradılıb. Bu ilin yanvar ayının 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilən müşavirədə verilmiş tapşırıqlara əsasən Naxçıvanda yeni idman bölmələri fəaliyyətə başlayıb. Bunlar qızlar üçün həndbol, bədii gimnastika və üzgüçülük bölmələridir.

 Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaratdığı hər üç bölmə Şərur rayonunda fəaliyyət göstərir. Daha çox məktəbli qızların cəlb edildiyi həndbol bölməsi ilə 3 məşqçi-müəllim – Xanım Əhmədova, Esmira Vəliyeva və Rüxsarə Nəcəfova məşğul olur. Hər bölmədə 12 idmançı yer alıb və məşqlər müxtəlif məkanlarda keçirilir. Şərur şəhər 1 nömrəli tam orta məktəbin idman zalında qızlara həndbolun sirlərini öyrədən Xanım Əhmədova bizimlə söhbətində bildirdi ki, bu gün muxtar respublikada hər bir idman növünün inkişafı üçün şərait yaradılıb. Bunlar arasında həndbol Azərbaycanda böyük ənənəsi olan idman növlərindən biridir. Keçmiş SSRİ dönəmində Azərbaycan həndbol komandaları dünyanın ən güclü komandalarından hesab edilirdi və idmançılarımızın bəziləri yığmanın heyətində olimpiya çempionu olublar. Naxçıvanda da bu ənənələri davam etdirmək üçün imkan yaradılıb. Məqsədimiz məktəblərdə həndbol idman növünü təbliğ etmək, yeniyetmə və gənc qızları idmana cəlb etməkdir. 

Şərur şəhər 2 nömrəli tam orta məktəbdə həndbolçularla Esmira Vəliyeva məşğul olur. Məşqçi-müəllimin əsas məqsədi qısa vaxt ərzində tam heyət formalaşdırmaq və yarışlarda iştirak etməkdir. Həndbola maraq göstərən qızlar üçün məşq avadanlıqları alınıb, şərait yaradılıb. Esmira Vəliyeva qeyd etdi ki, biz də, öz növbəmizdə, yaradılan şərait­dən maksimum yararlanmağa çalışırıq. Komandamız müəyyən vaxtdan sonra yarışlarda iştirak edib uğur qazana bilər.
Rüxsarə Nəcəfova isə Yengicə kənd tam orta məktəbində məşqləri davam etdirir. Məşqçi-müəllimin fikrincə, idman bölmələrinin kənd­lərdə fəaliyyətə başlaması daha çox gənc qızların sevincinə səbəb olub. Onun sözlərinə görə, hazırda məşqlərdə 15-ə yaxın qız idmançı iştirak edir. Onların həvəslə məşq proseslərində iştirak etmələri məşqçi kimi onu sevindirir.
Bədii gimnastika bölmələrində təlim-məşq saatlarının 70 faizi musiqi ilə keçirilir. Şərur rayonunda yeni fəaliyyətə başlayan bədii gimnastika bölməsinin məşqində bunun bir daha şahidi olduq. Hazırda bölmədə 20-dən çox qız bu növün sirlərini öyrənir. Müvəqqəti olaraq həftədə iki dəfə məşqlərdə iştirak edən qızlara məşqçi-müəllim, idman ustası Humay Qafarova bədii gimnastikanın sirlərini öyrədir. Yeni yaradılmış bölmənin müəllimi Sevinc Nəcəf­ova isə hazırda Bakıda məşqçi kursunda iştirak edir və onun gəlişindən sonra məşqlərin həftəlik saatları da artırılacaqdır.
“Xatun” bədii gimnastika bölməsinin məşqçi-müəllimi Humay Qafarova bizimlə söhbətində vurğuladı ki, Gənclər və İdman Nazirliyi uşaq və yeniyetmə idmançıların ilboyu tədris məşğələlərinin, qış və yay tətili dövründə isə fəal istirahətinin təmin edilməsi üçün sağlamlıq idman düşərgələrinin təşkili, idman bölmələrinin fəaliyyəti yönündə mühüm addımlar atır. Bu bölmələrdə müəyyən olunmuş qaydada məşqlər keçirilir. Elə Şərur rayonunda da fəaliyyətə başlayan bədii gimnastika bölməsində məşqlər plana uyğun şəkildə aparılır. Məqsəd uşaqları bu bölmələrə cəlb etmək, onların sağlamlığını təmin edə biləcək dərəcədə məşq aparmaq və bədii gimnastikanın nə qədər faydalı bir idman növü olduğunu aşılamaqdır. Ümumiyyətlə, rayonlarda bölmələrin fəaliyyəti idman növünün geniş yayılmasına, istedadlı uşaqların üzə çıxmasına imkan yaradır. Həmçinin bölmələrdə daha bacarıqlı uşaqları seçir, onlarla fərdi şəkildə məşğul olur, onları yarışlara, turnirlərə hazırlayırıq.
“Üzgüçülük elə bir idman növüdür ki, onunla məşğul olmağın yaşı yoxdur”. Bu sözləri bizimlə söhbətində Şərur Olimpiya-İdman Kompleksinin üzgüçülük mərkəzinin məşqçi-müəllimi Türkanə Gözəlova dedi. Hazırda 50-dən çox qızın qeydiyyatdan keçdiyini vurğulayan məşqçi-müəllim bu sayın yay aylarında daha çox olacağını bildirdi: “Naxçıvanda ən mötəbər yarışlar yüksək səviyyədə keçirilir. Əlbəttə ki, bu cür mötəbər idman tədbirlərinin təşkil olunduğu bir regionda müxtəlif idman təşkilatlarının, federasiyaların, idman bölmələrinin, idmançıların üzərinə böyük məsuliyyət düşür. Bir idman bölməsi kimi bizim də məqsədimiz təmsilçilərimizin bu yarışlarda çıxış etmələrinə nail olmaqdır. İdman ailəsinə daxil olan bölmə kimi qarşımızda dayanan əsas məqsəd bu sahəyə öz layiqli töhfəmizi verməkdir”.
Şərur rayonunda eyni zamanda qadınlar üçün trenajor məşqləri də təşkil olunur. Məşqlər isə məşqçi-müəllim Günay Əhmədovanın rəhbərliyi altında həyata keçirilir.
Ümumiyyətlə, Şərur rayonunda bölmələrin fəaliyyətilə tanış olarkən bir məqam xüsusilə diqqətimizi cəlb etdi. Burada idman üzrə məşqçi­-müəllimlər dərs prosesi vaxtı uşaqların təhlükəsizliyinə və sağlamlığına cavabdeh olur, onlar qrupların komplektləşdirilməsinə, şagirdlərlə tərbiyə və təlim-məşq işlərinin aparılmasına, dərs pro­qramlarının yerinə yetirilməsinə böyük məsuliyyətlə yanaşırdılar. Məşqçi-müəllimlər bölmələrində məşğul olan idmançıların vaxtında tibbi müayinədən keçməsinə xüsusi nəzarət edir, ümumi və xüsusi fiziki, texniki və idman hazırlığının müntəzəm qeydiyyatını aparırdılar. Nazirlik həmçinin onların öz ixtisaslarını artırmalarına, təmsil etdikləri növlər üzrə seminarların təşkil edilməsinə, idmançıların yarışlarda nümunəvi çıxışlarına, təlim-məşq prosesinin təkmilləşməsi üzrə təkliflər işləyib hazırlanmasına da diqqət yetirir.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR